Mingəçevir şəhər nəqliyyatının acınacaqlı vəziyyəti
Mingəçevir şəhərində ictimai nəqliyyatın durumu nəinki problem, artıq biabırçılıq həddinə çatıb. İnsanların gündəlik olaraq minməyə məcbur qaldığı avtobus və mikroavtobuslar istifadəyə yararsız “dəmir yığını”ndan başqa bir şey deyil. Bu nəqliyyat vasitələri ilə insan daşınması – vətəndaşlara hörmətsizlik, hətta onların həyatını təhlükəyə atmaq deməkdir.
Ən acınacaqlısı isə budur: qiymət 50 qəpikdir, yəni Bakı, Gəncə, Sumqayıt kimi böyük şəhərlərlə eyni. Amma xidmət sanki orta əsrlərdən qalmışdır. İnsanlar müasir avtobus və normal şərait üçün pul ödəyir, amma qarşılığında çürük, sınıq-salxaq, qəzalı vəziyyətdə olan, döşəməsi deşik, pəncərələri bağlanmayan nəqliyyat vasitələrinə minməyə məcbur edilir. Bu, açıq şəkildə insanları aldatmaq deyilmi?
Hər gün işə, məktəbə, xəstəxanaya gedən minlərlə Mingəçevir sakini sanki “zibilxanadan çıxarılmış” maşınlarda daşınır. Bu, təkcə yolçular üçün yox, bütün şəhər üçün alçaldıcı vəziyyətdir. XXI əsrdə, Azərbaycanın ən mühüm şəhərlərindən birində belə mənzərə sadəcə qəbulolunmazdır.
Bəs məsuliyyət kimdədir? Nəqliyyata cavabdeh qurumlar bu mənzərəni görmürmü? Niyə insanlar bu qədər laqeydlik və məsuliyyətsizlik qarşısında əziyyət çəkməlidir? Açıq-aşkar görünür ki, bu sahədə rəhbərlərin məsuliyyətsizliyi və biganəliyi hökm sürür.
Mingəçevir camaatı zülm çəkmək üçün deyil, normal, keyfiyyətli və təhlükəsiz nəqliyyat xidməti almaq üçün pul ödəyir. Əks halda, bu hal artıq nəqliyyat xidməti yox, vətəndaşları əzən, alçaldan bir oyuna çevrilib.