Mingəçevir bulvarında restoran və kafelərdə qiymət özbaşınalığı
Mingəçevir bulvarında restoran və kafelərdə qiymət özbaşınalığı: Aidiyyəti qurumlar nəzarətsizliyi araşdırmalıdır
Mingəçevir şəhərinin Kür çayı sahilində fəaliyyət göstərən restoran və kafelərdə qiymətlərin yüksək, xidmət səviyyəsinin isə aşağı olması sakinlər və şəhərə gələn qonaqlar arasında narazılıq doğurur. Bulvar ərazisindəki istirahət mərkəzlərində təqdim edilən qiymətlər, əhalinin orta aylıq gəlirləri ilə müqayisədə tamamilə uyğunsuzdur.
Şəhər sakinlərinin və digər bölgələrdən gələn qonaqların rahat istirahət etməsi praktik olaraq mümkünsüzdür. Bir çox restoran və kafelərdə menyuların şəffaf olmaması, qiymətlərin administratorlar tərəfindən sərbəst müəyyənləşdirilməsi, müştərilərin gözləmədikləri yüksək ödənişlərlə qarşılaşmasına səbəb olur.
Məsələn, Mingəcevirə qohumunu ziyarət edən bir qonaq “Gilavar” restoranında səhər yeməyi üçün sadə 2 ədəd yumurta qayğanaq, bir xiyar salatı, kartof fri və sadə çay sifariş etsə də, hesab 30 AZN-ə çatıb. Qiymətlərin yüksək olmasına əsas gətirilən arqument isə belə olub: “Burda şəhərin istirahət mərkəzidir, qiymət baha olmalıdır”. Bu hallar təkcə bir restoranla məhdudlaşmır; bulvar ərazisindəki digər kafelərdə də oxşar vəziyyət müşahidə olunur.
Müştərilər doymaq üçün bir porsiya yerinə iki porsiya sifariş etmək məcburiyyətində qalır ki, bu da restoran sahibinə ikiqat gəlir, müştəriyə isə ikiqat xərc deməkdir. Belə özbaşınalıq, istirahət üçün nəzərdə tutulmuş məkanları “zillət yuvasına” çevirir, qiymət narazılığı isə insanları rahatlanmaq əvəzinə stresə salır.
Bəs Mingəçevirdə bu hallara nəzarət varmı? Restoran və kafelərdə qiymətlərin xidmət səviyyəsi ilə uyğunluğu, yeməklərin çəkisi və keyfiyyəti ilə bağlı hansı dövlət qurumları məsuliyyət daşıyır?
Əhali və qonaqlar bu məsələ ilə bağlı Mingəçevir İcra Hakimiyyətini, ƏDV və Vergilər Nazirliyini, Qida Təhlükəsizliyi Agentliyini xəbərdar etməyə və aidiyyəti tədbirlər görməyə çağırır. Şəhər sakinləri həm də restoran və kafelərdə qiymət siyasətinin şəffaflaşdırılmasını, müştəri hüquqlarının qorunmasını tələb edir.