Ağstafa-Mingəçevir marşrutu üzrə qatarların Mingəçevirə ilk reysi başlayacaq
Sentyabr ayının 24-də Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib.

İclasda şura üzvləri, icra aparatının məsul əməkdaşları, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər.

İclası açan İcra Hakimiyyətinin başçısı İlham İsmayılov müzakirə olunacaq məsələlər haqqında məlumat verib.

O, ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarının yerinə yetirilməsi istiqamətində görülən işlərdən bəhs edib.

Şəhər ərazisində göstərilən nəqliyyat xidmətinin vəziyyəti haqqında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Yevlax Regional İdarəsinin rəisi Elvin Zakirov məlumatla çıxış edib.

Aparılan müzakirələr və verilən sorğulardan sonra İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhərdaxili nəqliyyat və yaxın kənd–rayonlararası marşrut xətlərindəki xidmətin qeyri-qənaətbəxş olduğunu diqqətə çatdırıb.

Marşrut avtobuslarının yenilənməsi, bu sahədə qayda-qanunun yaradılması üçün əlaqədar sahə rəhbərinə tövsiyələrini verib.

Məlumat verilib ki, sentyabr ayının 26-da gündə iki dəfə olmaqla Ağstafa–Mingəçevir marşrutu üzrə qatarların şəhərimizə ilk reysi başlayacaq və bu da şəhər nəqliyyatı xidmətində müsbət yeniliklərə yol açacaqdır.

Əhaliyə göstərilən rabitə xidmətinin təhlili və müasir xidmət növlərinin tətbiqi ilə bağlı Aztelekom MMC Aran Regional Filialının Mingəçevir şöbəsinin müdiri Kənan Şükürov çıxış edib.

Qeyd olunub ki, şəhərdə 12 minə yaxın abonentə müasir GPON internet xətti çəkilib, televiziya, telefon və internet xidmətində yeniliklər tətbiq edilib. Artıq mövcud olan köhnə rabitə xətlərinin sökülməsinə başlanılıb.

İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hikmət Kərimov Mingəçevir şəhərində idmanın inkişafı istiqamətində fəaliyyət göstərən klub və cəmiyyətlərin apardığı işlərin vəziyyəti haqqında məlumat verib.

Bildirib ki, son 6 il ərzində şəhərin müxtəlif ərazilərində yaradılan nümunəvi məhəllələrdə, binaların qarşısında, parklarda, xiyabanlarda, istirahət məskənlərində uşaq və gənclərin fiziki sağlamlığı və əylənməsi üçün onlarla idman qurğuları quraşdırılıb. Əsas məqsəd əhaliyə göstərilən xidmətin daha da yaxşılaşdırılmasıdır.
İdman klublarının rəhbərləri görülən işlər, yeniyetmələrin idman yarışlarında qazandıqları qələbələr və nailiyyətlər haqqında məlumat veriblər.
İclasa yekun vuran İcra Hakimiyyətinin başçısı İlham İsmayılov vətəndaşların rifah halının yaxşılaşdırılması məqsədi ilə müvafiq qurumların rəhbərlərinə tövsiyələrini bildirib. Şura iclasında müzakirə olunan hər üç məsələ barədə təkliflər nəzərə alınmaqla qərar layihələri qəbul olunub.
Esmira Hidayətova, Mingəçevir