Mingəçevir şəhərində 27 Sentyabr – Anım Günü qeyd olundu
27 Sentyabr – Vətən Müharibəsinin başlanmasının ildönümü və Anım Günü münasibətilə Mingəçevir şəhərində silsilə tədbirlər keçirilib.

Əvvəlcə Mingəçevir şəhərinin rəhbərliyi, idarə və müəssisə rəhbərləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri və qazilər şəhərin Şəhidlər Xiyabanına toplaşıblar. Burada şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq Ağacəkmə aksiyası keçirilib. Şəhid ataları və ailələri ilə birlikdə həyata keçirilən bu aksiyada hər bir ağac şəhidlərin müqəddəs xatirəsini yaşatmaq məqsədi daşıyıb.

Daha sonra Şəhidlər Xiyabanında anım mərasimi təşkil olunub. İştirakçılar Azərbaycanın azadlığı və suverenliyi uğrunda canından keçən qəhrəman övladlarımızın məzarlarını ziyarət edərək, gül dəstələri düzüb, ruhlarına dualar oxuyublar.

Saat 12:00-da bütün ölkə ilə birgə Mingəçevir şəhərində də bir dəqiqəlik sükut elan edilib. Şəhidlərimizin ruhu dərin ehtiramla yad olunub, Vətən uğrunda canlarını fəda edən qəhrəmanların müqəddəs xatirəsinin daim uca tutulacağı vurğulanıb.

Mərasimdə çıxış edənlər qeyd ediblər ki, 44 günlük Vətən Müharibəsi xalqımızın birliyi, qəhrəmanlığı və Ali Baş Komandanın rəhbərliyi ilə tariximizə qızıl hərflərlə yazılıb.

Şəhidlərimizin fədakarlığı sayəsində bu gün Azərbaycan öz torpaqlarında qalib bir xalq kimi yaşayır.
Esmira Hidayətova, Mingəçevir