İki qardaş universitet, bir ortaq məqsəd: Təhsil birliyində yeni addım
Azərbaycan–Türkiyə ali təhsil əlaqələrində daha bir mühüm addım atılıb. 2025-ci il oktyabrın 13-də Mingəçevir Dövlət Universiteti (MDU) ilə Türkiyənin nüfuzlu Dokuz Eylül Universiteti (DEU) arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Sənəd MDU-nun rektoru, Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə Cümhuriyyətinə səfəri çərçivəsində İzmir şəhərində baş tutan görüşdə imzalanıb. Görüş zamanı MDU-nun rektoru A. Eminov və DEU-nun rektoru, professor Bayram Yılmaz iki universitet arasında elmi və təhsil əməkdaşlığının genişləndirilməsi istiqamətində ətraflı fikir mübadiləsi aparıblar.

Professor B. Yılmaz MDU nümayəndə heyətini Dokuz Eylül Universitetində görməkdən məmnunluğunu bildirib, Azərbaycan–Türkiyə təhsil əlaqələrinin möhkəmlənməsinin strateji əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, bu əməkdaşlıq iki qardaş ölkənin ali təhsil müəssisələri arasında elmi və mədəni inteqrasiyaya mühüm töhfə verəcək.

Rektor Anar Eminov isə səmimi qarşılamaya və göstərilən diqqətə görə təşəkkürünü bildirib. O vurğulayıb ki, Mingəçevir Dövlət Universitetinin beynəlxalq əməkdaşlıq siyasətində Türkiyə universitetləri ilə tərəfdaşlıq xüsusi yer tutur. Rektorun sözlərinə görə, bu kimi təşəbbüslərin məqsədi müəllim və tələbə mübadiləsini genişləndirmək, birgə elmi layihələri həyata keçirmək və təhsil keyfiyyətini beynəlxalq səviyyəyə yüksəltməkdir.

İmzalanan memorandum çərçivəsində tərəflər ikili diplom proqramlarının həyata keçirilməsi, ortaq elmi tədqiqatların və beynəlxalq konfransların təşkili, eləcə də müəllim, tədqiqatçı və tələbə mübadiləsinin aparılmasını planlaşdırırlar.

Bu əməkdaşlıq Mingəçevir Dövlət Universitetinin beynəlxalq tərəfdaşlıq şəbəkəsini daha da genişləndirərək, Azərbaycan–Türkiyə təhsil münasibətlərində yeni bir mərhələnin başlanğıcını qoyur.

Rektor Anar Eminovun rəhbərliyi dövründə MDU-nun beynəlxalq nüfuzu durmadan artmaqdadır. Onun təşəbbüsü ilə həyata keçirilən bu kimi layihələr universitetin qlobal elm və təhsil məkanında mövqeyini möhkəmləndirir və ölkə başçısının müəyyən etdiyi təhsil strategiyasına uyğun şəkildə beynəlxalq əlaqələrin inkişafına xidmət edir.
Esmira Hidayətova, Mingəçevir