Mingəçevirin icra başçısı İlham İsmayılov Xankəndidə keçirilən III Azərbaycan Milli Şəhərsalama Forumunda iştirak edib
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılov 2025-ci il 15–16 oktyabr tarixlərində Xankəndi şəhərində keçirilən III Azərbaycan Milli Şəhərsalama Forumunda iştirak edib.

Forumda ölkənin müxtəlif şəhər və rayonlarının icra hakimiyyəti başçıları, beynəlxalq təşkilatların nümayəndələri, xarici ekspertlər və şəhərsalama sahəsində tanınmış mütəxəssislər iştirak ediblər. Tədbirdə əsas diqqət azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinə, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqinə, eləcə də dayanıqlı urbanizasiya məsələlərinə yönəlib.

Cənab İlham İsmayılov forum çərçivəsində bir sıra görüşlər də keçirib. O cümlədən, Mingəçevir şəhəri ilə qardaşlaşmış Türkiyə Respublikasının Qars bələdiyyəsinin başqanı Ötügen Senger ilə görüş zamanı iki şəhər arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, mədəni və iqtisadi sahələrdə birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Görüş zamanı qarşılıqlı təcrübə mübadiləsinin vacibliyi vurğulanıb, həmçinin gələcəkdə Mingəçevirdə və Qarsda birgə tədbirlərin, mədəni layihələrin və gənclər proqramlarının təşkil olunması ilə bağlı fikir mübadiləsi aparılıb.