Mingəçevirdə narkomaniyaya və zərərli vərdişlərə qarşı maarifləndirici tədbir keçirilib

InShot_20251022_193301989

Narkomanlığa və digər zərərli vərdişlərə qarşı mübarizə tədbirləri hər zaman diqqət mərkəzində saxlanılır. Bəşəriyyət üçün ən böyük bəlalardan biri olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizə bu gün də xüsusilə aktual xarakter daşıyır.

Narkomaniya əleyhinə aparılan tədbirlər hər zaman ölkə rəhbərliyinin diqqətində olub və onların gücləndirilməsi istiqamətində ardıcıl işlər görülür. Bu istiqamətdə görülən tədbirlər Mingəçevir Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə davam etdirilir. Məqsəd yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onları zərərli adətlərdən uzaqlaşdırmaq və narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyini artırmaqdır.

Bu çərçivədə Mingəçevirin orta və ali təhsil ocaqlarında şagirdlərlə maarifləndirici görüşlər keçirilir. Növbəti belə tədbir şəhərin 3 nömrəli tam orta məktəbində baş tutub.

Tədbirdə əvvəlcə məktəbin direktor əvəzi Çinarə Təhməzova təhsil müəssisəsinin fəaliyyəti haqqında qonaqlara məlumat verib. Daha sonra Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev çıxış edərək şagirdlərə Polis Akademiyasına qəbul qaydaları, üstünlükləri və təhsil müəssisəsində yaradılan maddi-texniki imkanlar barədə geniş məlumat verib.

Polis rəisi həmçinin narkomaniyaya qarşı mübarizədə cəmiyyətin hər bir üzvünün fəal mövqeyinin vacibliyini qeyd edib, gənclərə sağlam həyat tərzinə üstünlük verməyi və zərərli vərdişlərdən uzaq durmağı tövsiyə edib. O, sosial şəbəkələrdən istifadə zamanı ehtiyatlı davranmağın əhəmiyyətinə də toxunub və ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirləri barədə məlumat verib.

 

Tədbir çərçivəsində polis əməkdaşları şagirdlərə yol hərəkəti qaydaları, antinarkotik təbliğatın əhəmiyyəti və digər zərərli vərdişlərin fəsadları barədə danışaraq onları maarifləndiriblər.

 

Mingəçevir Təhsil Sektorunun müdiri Sevinc Həsənova çıxış edərək belə maarifləndirici tədbirlərin məktəblərdə keçirilməsinin vacibliyini vurğulayıb və gənclərin düzgün istiqamətləndirilməsi istiqamətində gördükləri işlərə görə polis əməkdaşlarına təşəkkürünü bildirib.

Sonda şagirdlərin sualları cavablandırılıb və onlara sağlam həyat tərzi ilə bağlı maarifləndirici bukletlər təqdim olunub.

Esmira Hidayətova, Mingəçevir