Mingəçevirdə Zəfər Gününə həsr olunmuş səmimi görüş keçirilib
Ölkə başçısı, Cənab Prezident İlham Əliyevin sərəncamına əsasən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı tədbirlər çərçivəsində Mingəçevirdə növbəti mənalı görüş keçirilib.

5 noyabr 2025-ci il tarixində YAP Mingəçevir şəhər təşkilatı və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə şəhid ailələri, qazilər və müharibə veteranları ilə görüş təşkil olunub.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev çıxışında vurğulayıb ki, 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə Azərbaycan tarixinin ən şanlı səhifəsidir. O bildirib ki, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi və ordumuzun rəşadəti sayəsində torpaqlarımız azad olundu, ölkəmizin suverenliyi bərpa edildi.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxışında qeyd edib ki, Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan 30 ilə yaxın davam edən işğala 44 gün ərzində son qoydu:
“2020-ci il tariximizə Zəfər ili kimi yazıldı. 2023-cü ilin 19 sentyabrında həyata keçirilən antiterror əməliyyatları nəticəsində Qarabağ tam azad edildi, suverenliyimiz bərpa olundu və bu gün Azərbaycan bayrağı hər qarış torpağımızda dalğalanır.”

İcra başçısı əlavə edib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün regionun ən güclü və dinamik inkişaf edən dövlətlərindən birinə çevrilib.

Görüşdə şəhid ailələrinin və qazilərin təklif və fikirləri dinlənilib, qaldırılan məsələlərlə bağlı aidiyyəti tapşırıqlar verilib.
Tədbir isti, səmimi atmosferdə keçib, sonda xatirə şəkli çəkdirilib.