🇦🇿 Mingəçevir Dövlət UniversitetiZəfər Gününə həsr olunmuş möhtəşəm tədbir keçirilib

InShot_20251106_140638687

Mingəçevir Dövlət Universitetində (MDU) “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Noyabr – Zəfər Günü münasibətilə ədəbi-bədii tədbir keçirilib.

Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qardaşı Nofəl Qasımov, şəhid ailələrinin üzvləri, qazilər, şəhərin ictimaiyyət nümayəndələri, eləcə də universitetin akademik-inzibati heyəti, tələbə və magistrantları iştirak ediblər.

Tədbir Azərbaycanın üçrəngli bayrağının ucaldılması və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Vətən uğrunda canından keçən qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər – İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Nofəl Qasımov və şəhid ailələrinin nümayəndələri Zəfər Gününün tarixi əhəmiyyətindən söz açaraq, Azərbaycan xalqının və Ordusunun göstərdiyi rəşadətin əsl qəhrəmanlıq salnaməsi olduğunu vurğulayıblar. Onlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu qələbənin xalqımızın birliyinin, vətən sevgisinin və əzmkar ruhunun təntənəsi olduğunu bildiriblər.

Tədbir çərçivəsində MDU-nun şəhid məzunlarına və müharibə iştirakçısı əməkdaş-tələbələrinə həsr olunmuş “Son dərs: Vətən!” adlı kitabın təqdimatı keçirilib. Nümunəvi vətənpərvərlik ab-havası ilə yazılmış bu kitab İlham İsmayılov, Nofəl Qasımov və şəhid ailələrinə hədiyyə olunub.

Daha sonra universitetin tələbələrinin ifasında vətənpərvərlik ruhunda şeirlər, musiqilər və rəqs kompozisiyaları nümayiş etdirilib. Səhnədə səslənən hər səs, hər misra və hər addım Zəfərin mənəvi gücünü bir daha yaşadıb.

Tədbir iştirakçıları şəhidlərimizin ölməzliyi və Zəfərimizin əbədiliyi ilə bağlı duyğulu anlar yaşayıb, bir daha qürurla “Qarabağ Azərbaycandır!” şüarını səsləndiriblər.

Zəfər Günümüz mübarək olsun! 🇦🇿