İnsanları sonadək dinləmək və problemləri həll etmək lazımdır..

InShot_20251120_202127092

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar qəbul-görüşü Az.İES yaşayış massivində yerləşən Şəhid A. Niftəliyev adına Mədəniyyət Mərkəzində keçirilib. Görüşdə İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, şəhər prokuroru Pərvin Quliyev, müxtəlif yaşayış binalarından gələn sakinlər, idarə və müəssisə rəhbərləri, həmçinin media nümayəndələri iştirak ediblər.

“Vətəndaşların müraciətlərinə həssas yanaşmaq dövlət siyasətinin əsas prioritetlərindəndir”

Görüşü açan icra başçısı İlham İsmayılov ölkə Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq vətəndaşların problemlərinin yerindəcə dinlənilməsi və operativ həlli məqsədilə keçirilən səyyar görüşlərin önəmini vurğulayıb.

Başçı bildirib ki, Mingəçevirdə quruculuq və abadlıq işlərinin miqyası genişlənib və hazırda 5 nümunəvi məhəllədə bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir. Onun sözlərinə görə, cari ilin sonunadək həmin layihələr üzrə işlərin tam yekunlaşdırılması nəzərdə tutulur. İlham İsmayılov həmçinin şəhərdə asfaltlanmayan 119 küçənin olduğunu, bu istiqamətdə ardıcıl tədbirlərin görüləcəyini qeyd edib.

Sakinlərin əsas narahatlıqları: marşrut azlığı, kanalizasiya və küçə işıqları

Görüşdə çıxış edən sakinlər əsasən yaşayış massivlərinin sürətlə genişlənməsi fonunda marşrut xəttlərinin azlığı, səhər saatlarında küçə işıqlarının tez söndürülməsi, bəzi ərazilərdə kanalizasiya problemləri və digər məişət xarakterli məsələləri gündəmə gətiriblər.

Yeni tikilən yaşayış massivlərinin mərkəzlə əlaqəsinin zəif olması ilə bağlı şikayətlərə cavab olaraq, icra başçısı Mingəçevirdə nəqliyyat məsələlərinə cavabdeh qurumlara müvafiq tapşırıqlar verib.

Xüsusi müraciətlər: Laçın sakininin doğma yurda qayıdış arzusu

Görüş zamanı Laçından olan bir sakinin doğma dədə-baba yurduna tezliklə qayıtmaq arzusu da diqqətə çatdırılıb. Bu müraciət, ölkədə gedən Böyük Qayıdış prosesinin və insanların doğma torpaqlara qovuşmaq istəyinin bir daha nümunəsi kimi dəyərləndirilib.

Problemlər diqqətdə saxlanılacaq

Sakinləri diqqətlə dinləyən şəhər rəhbəri müvafiq qurumların rəhbərlərinə qaldırılan məsələlərin araşdırılması və operativ həlli ilə bağlı tapşırıqlar verib. O, problemlərin həllinə məsuliyyətli yanaşmağın və görülən işlərin keyfiyyətinin daim nəzarətdə saxlanılmasının vacibliyini vurğulayıb.

Esmira Hidayətova, Mingəçevir