Mingəçevirdə ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib

InShot_20251212_172014916

Mingəçevirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilib. Şəhərdə təşkil olunan mərasimlərdə Ulu Öndərin ölkəmiz və xalqı qarşısındakı tarixi xidmətləri bir daha xatırladılıb, onun zəngin siyasi irsinə yüksək dəyər verilib.

Anım tədbiri çərçivəsində Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Mingəçevir şəhər təşkilatının nümayəndələri, şəhər bələdiyyəsi, müxtəlif idarə və təşkilatların kollektivləri, eləcə də ictimaiyyət nümayəndələri Ulu Öndər Heydər Əliyevin adını daşıyan mərkəzin önünə gələrək xatirə abidəsinin önünə gül dəstələri düzüblər.

Daha sonra iştirakçılar Heydər Əliyev Meydanına yürüş edərək burada ucaldılmış abidənin önünə tər çiçəklər qoyublar. Mərasim iştirakçıları Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib, bir dəqiqəlik sükutla onun müqəddəs ruhunu anıblar.

Çıxış edənlər bildiriblər ki, Heydər Əliyevin siyasi irsi bu gün də Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil edir. Onun dövlətçilik məfkurəsi, xalqına sonsuz sevgisi və ölkənin tərəqqisi naminə gördüyü işlər hər zaman qürur və minnətdarlıqla xatırlanır.

Tədbir iştirakçıları vurğulayıblar ki, Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf yolu bu gün də uğurla davam etdirilir və Mingəçevir şəhərində aparılan sosial-iqtisadi layihələr, infrastruktur yeniləmələri, vətəndaş rifahına yönələn proqramlar onun uzaqgörən siyasətinin bariz nümunəsidir.

Esmira Hidayətova, Mingəçevir