Mingəçevirdə 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

InShot_20260120_161846423

20 Yanvar Hüzn Günü və Qanlı Yanvar faciəsinin 36-cı ildönümü münasibətilə Mingəçevir Dövlət Dram Teatrında anım tədbiri təşkil olunub. Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, şəhər rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, millət vəkili Aydın Mirzəzadə, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi Namiq Tərverdiyev, şəhid ailələrinin üzvləri, qazilər, ictimaiyyət və mətbuat nümayəndələri, eləcə də tələbə-gənclər iştirak ediblər.

Əvvəlcə teatrın foyesində 20 Yanvar faciəsinə həsr olunmuş xüsusi pannolara baxış keçirilib. Pannolarda 1990-cı ilin qanlı hadisələrini əks etdirən fotoşəkillər, sənədli materiallar və xatirə nümunələri yer alıb.

Daha sonra Xalq şairi Bəxtiyar Vahabzadənin “Şəhidlər” poeması əsasında hazırlanan “Şahidlər” adlı tarixi-teatral kompozisiya nümayiş etdirilib. Tamaşa Mingəçevir Dövlət Dram Teatrının quruluşçu rejissoru Cavid Təvəkkülün və ikinci rejissor İbrahim Türksoyun quruluşunda səhnələşdirilib.

Teatrın aktyorlarının təqdim etdiyi səhnə əsərində 1990-cı ilin 19–20 yanvar tarixlərində Bakı şəhərində baş vermiş hadisələr, Qanlı Yanvar faciəsinin tarixi həqiqətləri, Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizə bədii formada əks etdirilib. Tamaşa boyu şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Anım tədbiri iştirakçılar tərəfindən böyük maraq və duyğularla qarşılanıb.

Qeyd edək ki, fotolar müəllif Esmira Hidayətovaya məxsusdur.