20 Yanvar – Xalqın qanla yazılan şərəf tarixi
20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin ən qanlı, eyni zamanda ən şərəfli səhifələrindən biridir. Bu tarixdən artıq 36 il ötür. 1990-cı ilin yanvarında sovet imperiyasının silahlı qüvvələri dinc əhaliyə qarşı misli görünməmiş vəhşilik törədərək onlarla günahsız insanı qətlə yetirdi. Lakin bu qanlı hadisə xalqımızın iradəsini qıra bilmədi, əksinə, azadlıq əzmini daha da möhkəmləndirdi.

20 Yanvar faciəsinin 36-cı ildönümü münasibətilə Mingəçevir şəhərində geniş anım mərasimi keçirilmişdir. Mərasim Mingəçevir şəhəri Ləxıyaban ərazisində yerləşən Şəhidlər Xiyabanında baş tutmuşdur. Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, şəhərin idarə və müəssisə rəhbərləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, ictimaiyyət təmsilçiləri iştirak etmişdir.

Anım mərasimində Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatının sədri, Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov, YAP-ın şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Mingəçevir İES-in rəhbəri Tehmad Hüseynov, Mingəçevir şəhər Bələdiyyəsinin sədri Anar İsmayılov, eləcə də digər idarəetmə qurumlarının rəhbərləri və hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak edərək şəhidlərimizin xatirəsini ehtiramla yad etmişlər.

Tədbir çərçivəsində şəhidlərin məzarları ziyarət olunmuş, üzərinə gül dəstələri və əklillər qoyulmuş, ruhlarına dualar oxunmuşdur. Mingəçevir Şəhər İcra Hakimiyyəti tərəfindən Şəhidlər abidəsinin önünə gül-çiçək əkilmiş, bu addım şəhidlərin xatirəsinə göstərilən dərin ehtiramın rəmzi kimi dəyərləndirilmişdir. Sükut və hüzn içində keçən mərasim iştirakçıların qəlbində dərin iz buraxmışdır.

Prezident İlham Əliyevin 20 Yanvar faciəsi ilə bağlı söylədiyi fikirlərdə vurğulandığı kimi, bu hadisə Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir. Dövlət başçısı dəfələrlə qeyd edib ki, 20 Yanvar şəhidlərinin qanı yerdə qalmayıb, həmin qan müstəqil Azərbaycanın bünövrəsini möhkəmləndirib. Bu faciə xalqımızın sarsılmaz iradəsini, milli birliyini və azadlıq ruhunu bütün dünyaya nümayiş etdirmişdir.

Bu gün müstəqil və suveren Azərbaycan 20 Yanvar şəhidlərinin arzularını reallaşdıran güclü dövlətdir. Onların canı bahasına əldə edilən azadlıq qorunur, dövlətçilik ənənələri möhkəmləndirilir. Şəhidlərin xatirəsi yalnız anım günlərində deyil, hər zaman xalqımızın qəlbində yaşayır və gələcək nəsillərə örnək olur.

20 Yanvar faciəsi unudulmur, unudula da bilməz. Bu tarix Azərbaycan xalqının yaddaşında həm hüzn, həm də qürur günü kimi əbədi qalacaq. Mingəçevir şəhərində keçirilən anım mərasimi bir daha göstərdi ki, xalqımız şəhidlərinə sahib çıxır, onların müqəddəs xatirəsini daim uca tutur və azadlıq yolunda verilən qurbanları heç vaxt unutmur.





Esmira Hidayətova, Mingəçevir