Bir kəndə şəhər münasibəti, bir kəndə icra səssizliyi: Havarlı kəndi Yevlax rəhbərliyinin acı reallığını açır
Yevlax rayonunun Havarlı kəndi bu gün yerli icra hakimiyyətlərinin fəaliyyət fərqini bütün çılpaqlığı ilə ortaya qoyan nümunəyə çevrilib. Kəndin Mingəçevir şəhərinə yaxın olan hissəsi rəsmi qaydada Mingəçevir şəhərinin inzibati ərazisinə daxil edilən kimi illərlə yığılıb qalmış problemlər qısa müddətdə aradan qaldırılmağa başladı.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun tapşırıqları əsasında müvafiq kommunal qurumlar əraziyə cəlb olundu. Uzun illər palçıq içində olan yollar hələlik xırda daş və çınqıl yayılması yolu ilə keçilə bilən vəziyyətə gətirildi, küçələrin işıqlandırılması təmin olundu, yol kənarlarında bordürlərin düzülməsinə başlanıldı. Abadlaşdırma işləri mərhələli şəkildə davam etdirilir. Bu, bir daha göstərdi ki, idarəetmə və məsuliyyət varsa, nəticə də gecikmir.
Lakin Havarlı kəndinin Yevlax rayonuna aid qalan hissəsində vəziyyət tam fərqlidir. Burada illərdir elementar infrastrukturdan söhbət belə gedə bilməz. Nə yol var, nə normal işıqlandırma, nə də təhlükəsiz hərəkət imkanı. Sakinlərin sözlərinə görə, taksi gəlmir, təcili tibbi yardım gecikir, yanğın hadisəsi baş verərsə, yanğınsöndürən maşınların əraziyə çatması ciddi problemə çevrilir. Bu artıq sadəcə narazılıq deyil, birbaşa insan həyatı üçün təhlükədir.
Daha düşündürücü məqam isə odur ki, Havarlı kəndinin sakinləri dəfələrlə sosial şəbəkələr, media və rəsmi qurumlar vasitəsilə müraciətlər etsələr də, Yevlax Rayon İcra Hakimiyyəti bu çağırışlara faktiki olaraq biganə qalır. Nə aydın cavab verilir, nə konkret addım atılır, nə də məsuliyyət hissi nümayiş etdirilir. Sanki bu kənd Yevlax icra strukturlarının diqqət dairəsindən bilərəkdən kənarda saxlanılır.
Məhz bu səbəbdən sakinlər ölkə başçısına və aidiyyəti qurumlara müraciət edərək kəndin qalan hissəsinin də Mingəçevir şəhərinin inzibati ərazisinə daxil edilməsini xahiş edirlər. Bu müraciətlər etiraz yox, yaşamaq üçün normal şərait tələbidir.
Bir tərəfdə gördüyü işlə özünü təsdiqləyən Mingəçevir şəhər rəhbərliyi, digər tərəfdə isə problemləri görməzlikdən gələn Yevlax Rayon İcra Hakimiyyəti və onun başçısı Anar Tağıyevin passiv, təsirsiz fəaliyyəti. Müqayisə üçün əlavə şərhə ehtiyac qalmır — fərq göz qabağındadır.
Bu gün Havarlı kəndi sadəcə bir yaşayış məntəqəsi deyil, idarəetmənin güzgüsünə çevrilib. Və bu güzgüdə Yevlax rayon rəhbərliyinin mənzərəsi olduqca narahatlıq doğurur.