Mingəçevir şəhəri 12 saylı uşaq bağçasında..

InShot_20260204_152825130

Uzun illərdir Mingəçevir şəhərində fəaliyyət göstərən 12 saylı Şəfa sanatoriya tipli uşaq bağçası valideynlər arasında daim müsbət rəylərlə xatırlanır. Bu təhsil ocağı illərdir ki, səliqə-sahmanı, təmizliyi və güclü idarəetmə nəzarəti ilə seçilərək şəhərin nümunəvi məktəbəqədər təhsil müəssisələrindən biri kimi tanınır.

Bu gün də bağçada hökm sürən təmizlik, nizam-intizam, körpələrə göstərilən xüsusi diqqət və qayğı valideyn məmnunluğunun əsas səbəblərindəndir. Qeyd edək ki, dünya təcrübəsi də sübut edir: şəxsiyyətin formalaşmasında məktəbəqədər təhsilin rolu danılmazdır. Məhz bu mərhələdə uşaqların gələcək inkişafı üçün möhkəm təməl qoyulur.

Son günlərdə bağçanın valideynləri bildirirlər ki, övladlarının ikinci evi sayılan bu sanatoriya tipli uşaq bağçasında yaradılan şərait onlara xüsusi rahatlıq və güvən hissi verir. Valideynlərin sözlərinə görə, övladlarını arxayınlıqla etibar etdikləri bağçada gülərüz kollektiv, səliqəli mühit və isti münasibət körpələrə müsbət aura bəxş edir.

Valideynlər xüsusilə vurğulayırlar ki, bağçanın müdirəsi Zemfira xanım hər zaman məsuliyyətli yanaşması, həm uşaqlara, həm də işçi heyətinə göstərdiyi qayğı ilə seçilir. Günün istənilən saatında bağçaya baş çəkdikdə burada təmizlik, nizam və keyfiyyətli qidalanma diqqət çəkir. Körpələrin evə hər zaman qarnı tox və əhvalı xoş qayıtması valideynləri xüsusilə sevindirir.

 

Qeyd edək ki, 60 ilə yaxın fəaliyyət göstərən bu sanatoriya tipli uşaq bağçasının divarları illər ərzində minlərlə körpənin gülüşünə şahidlik edib. Hazırda bağçada 6 qrup gecə-gündüz rejimində fəaliyyət göstərir. Burada çalışan müəllimlər tədris prosesini yalnız məşğələlərlə məhdudlaşdırmır, hər bir uşağın fərdi inkişafına xüsusi diqqət yetirirlər. Kurikulum proqramları əsasında aparılan məşğələlər uşaqlarda yaradıcılıq, məntiqi təfəkkür və ünsiyyət bacarıqlarının formalaşmasına xidmət edir.

Valideynlərin sözlərinə görə, bağçada körpələrin inkişafına nəzarət sistemli şəkildə qurulub. Gün rejiminə ciddi əməl olunur – səhər məşğələləri, əyləncəli oyunlar, açıq havada gəzintilər, qidalanma, yuxu və gigiyena məsələləri daim diqqət mərkəzində saxlanılır. Uşaqlara sadə məişət vərdişləri aşılanır, kiçik tapşırıqlar vasitəsilə onların əmək bacarıqları inkişaf etdirilir.

Sonda valideynlər bildirirlər ki, bu cür nümunəvi yanaşma onları tam qane edir və arzu edirlər ki, Mingəçevir şəhərindəki bütün uşaq bağçaları belə bir səviyyədə fəaliyyət göstərsin.

Esmira Hidayətova, Mingəçevir