Mingəçevirdə sahibsiz it problemi: Cəmiyyət iki yerə bölünüb, təhlükə isə hər gün realdır

InShot_20260207_113456463

Mingəçevirdə sahibsiz itlərin insanlara hücum halları demək olar ki, hər gün təkrarlanır. Sakinlərin sözlərinə görə, son günlər itlərin sayı kəskin artıb və bu, şəhər əhalisinin gündəlik həyatını ciddi şəkildə təhlükəyə atır. H.Əliyev prospekti, Nizami, N.Nərimanov, Havarlı və digər küçələrdə yaşayanlar qorxu içindədir. Övladları səhər məktəbə gedərkən itlərin hücumuna məruz qalır, bəzən itlər mağazalara, evlərin zirzəmilərinə girir və onları çıxarmaq demək olar ki, mümkün olmur. Avtomobil yollarında, bağlarda və yaşayış binalarının qarşısında itlər sürü halında gəzir və ən təhlükəlisi, məktəblərin qabağında belə uşaqlar təhlükə ilə üz-üzə qalır.
Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının məlumatına görə, quduzluq əleyhinə müraciət edənlərin sayı ötən il 2439, bu ilin yanvar ayında isə 164 nəfər olub. Qeyd edək ki, vaksin yalnız itlərə deyil, sıçan, pişik və digər heyvanlara da vurulur.
Bu problem cəmiyyətdə ciddi fikir ayrılığı yaradır. Bir tərəfdə şəhər sakinləri təhlükəsizlik tələb edir, digər tərəfdə isə sosial şəbəkələrdə və onlayn platformalarda özlərini “heyvansevər” kimi göstərən qrup var. Bu insanlar, qanun çərçivəsində tədbir görən qurumları “heyvana zülm edir” kimi təqdim edir, amma uşaqların, yaşlıların və əhali təhlükəsizliyinin qarşısında dayanan real riski görməzlikdən gəlirlər.
Mingəçevir Şəhər İcra Hakimiyyəti iki qrup arasında qalır: bir tərəfdə həyat təhlükəsi, digər tərəfdə emosional sosial media qəzəbi. Lakin unudulmamalıdır ki, sürü halında gəzən sahibsiz itlər yalnız heyvan problemi deyil, həm də insan həyatı üçün ciddi riskdir. Problemin həlli isə həm insan təhlükəsizliyini, həm də heyvanların müdafiəsini eyni zamanda təmin edən sistemli tədbirlər tələb edir.

Esmira Hidayətova, Mingəçevir