Mingəçevir Dövlət Universitetinin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla yad edib
Mingəçevir Dövlət Universitetinin kollektivi 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar şəhidlərin əziz xatirəsini dərin hörmət və ehtiramla anıb. Universitetin rektoru Anar Eminovun rəhbərliyi ilə akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar Mingəçevir şəhər Şəhidlər Xiyabanını ziyarət ediblər.

Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən anım mərasimində şəhər icra hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyası Mingəçevir Şəhər Təşkilatının sədri, Mingəçevir Bələdiyyəsinin sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, veteranlar və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Ziyarət zamanı 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzülüb, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər 20 Yanvar hadisələrinin Azərbaycan xalqının azadlıq və müstəqillik tarixində xüsusi yer tutduğunu vurğulayaraq, həmin faciənin xalqımızın mübarizə əzmini sarsıda bilmədiyini, əksinə milli birliyi daha da gücləndirdiyini qeyd ediblər.

Qeyd olunub ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə qanla yazılmış səhifə olmaqla yanaşı, bu gün müstəqil və suveren dövlətimizin möhkəmlənməsi yolunda şəhidlərimizin müqəddəs xatirəsinin daim uca tutulmasının vacibliyini bir daha xatırladır. Mingəçevir Dövlət Universitetinin kollektivi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına xüsusi önəm verdiyini və milli-mənəvi dəyərlərin təbliğinin daim diqqət mərkəzində saxlanıldığını bildirib.

Esmira Hidayətova, Mingəçevir