Mingəçevir Dövlət Universitetinin rektoru Bilik Günü münasibətilə təbrik ünvanladı
15 sentyabr – Bilik Günü münasibətilə Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru sosial şəbəkə üzərindən professor-müəllim heyətini, tələbə və magistrantları təbrik edib.
Rektorun təbrik müraciətində deyilir:
“Əziz professor-müəllim heyəti, tələbə və magistrantlar!
Sizi 15 sentyabr – Bilik Günü münasibətilə ürəkdən təbrik edir, yeni tədris ilinizdə möhkəm can sağlığı, bol uğurlar və böyük nailiyyətlər arzulayıram.
2025/2026-cı tədris ilində MDU-ya 1420 bakalavriat, 166 magistratura və 102 əlavə təhsil üzrə tələbə qəbul olunub. Beləliklə, ümumilikdə 1688 yeni tələbə MDU ailəsinə qoşularaq sıralarımızı daha da genişləndirib.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik və təhsil strategiyası bu gün də yolumuzu işıqlandırır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli inkişafı, elm və təhsil sahəsinə göstərilən diqqət və qayğı bizə yeni imkanlar açır, MDU-nun da qarşıya qoyduğu hədəflərə inamla irəliləməsinə zəmin yaradır.
Müasir təhsil və inkişaf yolunda atılan hər addım, əldə olunan uğurlar və qarşıdakı hədəflər bizi daha güclü universitet olmağa yaxınlaşdırır. Vətən müharibəsində qazanılan Zəfərin beşinci ildönümünü qeyd etdiyimiz bu dövrdə elm, təhsil və gəncliyin işığı ilə ölkəmizin davamlı inkişafına töhfə vermək hər birimizin ali məqsədidir.
Əminəm ki, qarşıdakı illərdə də birlikdə daha böyük uğurlara imza atacaq, MDU-nu həm ölkəmizdə, həm də beynəlxalq elmi mühitdə layiqincə təmsil edəcəyik.
Hər birinizə uğurlu, məhsuldar və yadda qalan bir tədris ili arzulayıram!”