Mingəçevirdə bilik günü qeyd olundu

IMG-20250915-WA0028

15 sentyabr – Bilik Günü münasibətilə Mingəçevir şəhərində də geniş tədbirlər keçirilib. Azərbaycanın bütün bölgələrində olduğu kimi, şəhərin təhsil ocaqlarında da yeni dərs ilinin başlanması bayram əhval-ruhiyyəsi ilə qeyd olunub.

Azərbaycanın Milli Qəhrəmanı Ruslan Muradov adına Texniki-Humanitar Liseydə təşkil olunan tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir sektorunun rəisi Sevinc Həsənova, şəhid ailələrinin üzvləri, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu öndər Heydər Əliyevin, həmçinin ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Liseyin direktoru Nailə Məmmədova çıxış edərək ötən tədris ilində əldə olunan nailiyyətlərdən danışıb, şagirdləri, müəllimləri və valideynləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib. O, xüsusilə qeyd edib ki, ötən il liseyin 15 məzunu 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanıb ki, bu da kollektivin fədakar əməyinin göstəricisidir.

Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxışında ölkənin bütün bölgələrində, o cümlədən azad olunmuş ərazilərdə Bilik Gününün keçirilməsini xüsusi vurğulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təhsil islahatlarının gənclərin milli ruhda, Vətənə sadiq vətəndaş kimi yetişməsinə xidmət etdiyini bildirib. İcra başçısı liseyin uğurlu nəticələrini yüksək qiymətləndirərək kollektivə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir Sektorunun rəisi Sevinc Həsənova isə bu il Mingəçevir üzrə 60 sinif olmaqla 1309 nəfər şagirdin birinci sinfə qədəm qoyduğunu, lisey üzrə isə 4 sinifdə 90 şagirdin təhsil alacağını diqqətə çatdırıb.

Tədbirdə şəhid valideynləri Nəhayət Həsənova və İldırım Cüməzadə çıxış edərək, məktəb kollektivinə və birincilərə uğurlar arzulayıblar. Daha sonra məktəbin balaca fidanlarının şeirləri və rəqsləri alqışlarla qarşılanıb.

Nailə Məmmədova haqqında

Qeyd edək ki, liseyin direktoru Nailə Məmmədova uzun illərdir pedaqoji fəaliyyətini uğurla davam etdirir. Onun rəhbərliyi ilə təhsil ocağında yüksək intizam, sağlam tədris mühiti və keyfiyyətli təhsil ənənəsi formalaşıb. Məhz bu peşəkarlıq və fədakarlıq sayəsində lisey hər il tədris göstəricilərinə görə seçilir və uğurlu nəticələri ilə şəhərin təhsil həyatına mühüm töhfələr verir.

Sonda məktəbin birinciləri ilk zəngi çalaraq sinif otaqlarına daxil olub, yeni dərs ili üçün ilk dərs başlayıb.

Esmira Hidayətova, Mingəçevir