Mingəçevir Dövlət Universitetinin tələbələri Türkiyədə təhsil alacaq
Bu uğur rektor Anar Eminovun rəhbərliyi dövründə beynəlxalqlaşma siyasətinin növbəti nəticəsidir
Mingəçevir Dövlət Universitetinin (MDU) daha 5 tələbəsi beynəlxalq akademik mübadilə proqramı çərçivəsində Türkiyədə təhsil almaq hüququ qazanıb. Belə ki, tələbələr Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Fırat Universitetində təhsillərini davam etdirəcəklər.
Tələbələr “Orhun Mübadilə Proqramı” üzrə seçim mərhələsini uğurla keçərək bu imkanı əldə ediblər. Seçilən gənclər müxtəlif ixtisaslar üzrə təhsil alırlar ki, bu da Mingəçevir Dövlət Universitetində tədrisin keyfiyyətinin və kadr hazırlığının yüksələn xətt üzrə inkişaf etdiyini bir daha nümayiş etdirir.
Proqrama seçilən tələbələr arasında:
- Biznesin idarə edilməsi ixtisası üzrə Mədinə Kərimli,
- Maliyyə ixtisası üzrə Leyla Əliyeva,
- Xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisası üzrə Mədinə İbrahimova,
- İnformasiya texnologiyaları ixtisası üzrə Nazrin İbrahimova və Səms İbrahimova yer alır.
Məlumata görə, bununla da Mingəçevir Dövlət Universitetindən beynəlxalq mübadilə proqramlarına seçilən tələbələrin ümumi sayı 11 nəfərə çatıb. Bu göstərici MDU-nun beynəlxalq əlaqələrinin genişlənməsinin və xarici universitetlərlə əməkdaşlığının gücləndirilməsinin bariz nümunəsidir.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində beynəlxalq mübadilə proqramlarına qoşulma, tələbələrin seçim və qəbul prosesinin şəffaf və obyektiv şəkildə aparılması rektor Anar Eminovun rəhbərliyi dövründə həyata keçirilən uğurlu islahatların əsas istiqamətlərindən biridir. Məhz bu dövrdə universitetin beynəlxalq reytinqi və tərəfdaş ali təhsil müəssisələri ilə əlaqələri əhəmiyyətli dərəcədə genişlənib.
Seçilmiş tələbələr qəbul sənədlərini növbəti həftə universitetin Beynəlxalq Əməkdaşlıq Ofisindən əldə edə biləcəklər.