Mingəçevir şəhərində “Zəfər Günü” münasibətilə şəhid ailələrinə və qazilərə ərzaq yardımı göstərilib
07 noyabr 2025-ci il tarixində Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və maliyyə dəstəyi ilə “8 Noyabr – Zəfər Günü” münasibətilə sosial dəstək aksiyası həyata keçirilib.
Aksiya çərçivəsində ümumilikdə 491 ailəyə, o cümlədən “Vətən” və “Qarabağ” müharibəsi əlilləri ilə şəhid ailələrinə ərzaq bağlamaları təqdim olunub. Bu təşəbbüs şəhər rəhbərliyinin Zəfər Günü ərəfəsində şəhid ailələrinə və qazilərə olan diqqət və qayğısının bariz nümunəsidir.
Mingəçevir şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, bu cür sosial layihələr müntəzəm və davamlı şəkildə həyata keçirilir. Məqsəd Vətən uğrunda canından keçən qəhrəmanların ailələrinə və müharibə iştirakçılarına mənəvi dayaq olmaq, onların sosial rifahının yaxşılaşdırılmasına töhfə verməkdir.

Zəfər Günü münasibətilə keçirilən tədbirlər çərçivəsində həmçinin şəhid məzarları ziyarət olunur, ailələrə baş çəkilir, onların qayğı və ehtiyacları yerində öyrənilir.
Zəfər Günü — xalqımızın birliyinin, qürurunun və tarixi ədalətin bərpasının rəmzidir. Bu münasibətlə Mingəçevirdə həyata keçirilən humanist təşəbbüslər bir daha göstərir ki, şəhidlərimizin xatirəsi daim uca tutulur, onların ailələri isə dövlətin və cəmiyyətin diqqət mərkəzindədir.