Polis və məktəblilər bir arada – narkotiklərə qarşı birgə mübarizə Mingəçevirdə
Mingəçevir Şəhər Polis Şöbəsi yeniyetmələr və gənclər arasında narkomaniyaya, eləcə də digər zərərli vərdişlərə qarşı mübarizə məqsədilə maarifləndirici tədbirləri davam etdirir. Təbliğat işlərinin daha da genişləndirilməsi çərçivəsində bu dəfə şəhərin 2 nömrəli tam orta məktəbində növbəti görüş keçirilib.

Tədbirdə Şəhər Polis Şöbəsinin rəis müavini, polis polkovniki Rüfət Zeynalov çıxış edərək narkotik vasitələrin insan sağlamlığına və psixoloji vəziyyətinə vurduğu zərərlərdən danışıb. O, gənclərin sağlam və məqsədyönlü şəkildə yetişməsində bu cür maarifləndirici görüşlərin əhəmiyyətini vurğulayıb.

Polis rəis müavini həmçinin şagirdlərə Polis Akademiyasına qəbulun şərtləri, təhsil imkanları və maddi-texniki bazası haqqında da ətraflı məlumat verib. Daha sonra bu istiqamətdə hazırlanmış videoçarx nümayiş etdirilib.

Tədbir zamanı yol hərəkəti qaydalarına riayət, antinarkotik təbliğatın gücləndirilməsi, eləcə də digər zərərli vərdişlərin qarşısının alınması mövzularında Polis Şöbəsinin digər əməkdaşları da çıxış ediblər. Onlar şagirdləri zərərli təsirlərdən uzaq durmağa, sağlam həyat tərzinə üstünlük verməyə çağırıblar.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Esmira Hidayətova, Mingəçevir