Mingəçevirdə müəllimlər arasında intellektual yarış keçirildi
5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Mingəçevirdə müəllimlər arasında intellektual yarış təşkil olunub. Tədbir Milli Qəhrəman Natiq Qasımovun adını daşıyan 4 saylı tam orta məktəbdə keçirilib. Əvvəlcə Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

Yarışın məqsədi müəllimlərin elmi biliklərini, məntiqi düşünmə və komandada işləmə bacarıqlarını nümayiş etdirmək, eyni zamanda təhsil işçiləri arasında dostluq və əməkdaşlıq mühitini möhkəmləndirmək olub. Müxtəlif məktəbləri təmsil edən 8 komanda yarışda biliklərini sınağa çəkib.

Gərgin və maraqlı keçən yarışın nəticələrinə əsasən, “Uğur” komandası I yerə, “Prometey” komandası II yerə, “Maarifçilər” komandası isə III yerə layiq görülüb. Qalibləri Mingəçevir şəhər Təhsil Sektorunun müdiri Sevinc Həsənova təbrik edərək onlara uğurlar arzulayıb.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Mingəçevir şəhər komitəsinin sədri Həqiqət Şahmuradova qaliblərə Fəxri Fərman və kubok təqdim edib. O, çıxışında qeyd edib ki, bu cür tədbirlər müəllimlər arasında həm peşəkar, həm də intellektual inkişafı təşviq edir.

Tədbirin sonunda müəllimlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədova və Respublika Komitəsinin sədri Araz Paşayevə minnətdarlıqlarını bildiriblər.
Esmira Hidayətova, Mingəçevir