Mingəçevirdə Müəllimlər Günü münasibətilə təhsil işçiləri mükafatlandırıldı
5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Mingəçevir şəhərində bir sıra təhsil müəssisələrində təntənəli tədbirlər keçirilib. Tədbirlərdə müəllim əməyinə verilən yüksək dəyər bir daha ön plana çıxıb.

Şəhərin ümumtəhsil müəssisələrində təşkil olunan tədbirlərdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Mingəçevir şəhər komitəsinin sədri Həqiqət Şahmuradova iştirak edib. O, çıxışı zamanı müəllimlərin cəmiyyətdəki rolundan, gənc nəslin formalaşmasındakı əvəzsiz xidmətlərindən danışıb və bütün təhsil işçilərini peşə bayramı münasibətilə səmimi-qəlbdən təbrik edib.

Həqiqət Şahmuradova səmərəli pedaqoji fəaliyyətlərinə və təhsilin inkişafına verdikləri töhfələrə görə bir qrup müəllimə Fəxri Fərmanlar və gül dəstələri təqdim edib. O, bildirib ki, müəllim peşəsi yalnız bilik ötürmək deyil, həm də insan formalaşdırmaq missiyası daşıyır və bu, hər bir müəllim üçün böyük şərəfdir.

Tədbirdə çıxış edən təhsil işçiləri göstərilən diqqət və qayğıya görə dərin minnətdarlıqlarını ifadə ediblər. Onlar müəllim əməyinin hər zaman yüksək qiymətləndirilməsini təhsilin inkişafına verilən dəyərin göstəricisi kimi qiymətləndiriblər.

Müəllimlər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri cənab Sahib Məmmədova, həmçinin Respublika Komitəsinin sədri Araz Paşayevə təhsil işçilərinə göstərilən davamlı dəstəyə və qayğıya görə təşəkkürlərini çatdırıblar.

Sonda tədbir iştirakçıları bir daha müəllim peşəsinin müqəddəsliyindən, gələcək nəsillərin formalaşmasında bu sahənin aparıcı rolundan danışıblar. Müəllimlər Günü münasibətilə keçirilən görüş səmimi və ruh yüksəkliyi şəraitində başa çatıb.

Esmira Hidayətova, Mingəçevir