Mingəçevirdə payız-qış mövsümünə hazırlıq: Abadlıq və təmir işləri sürətlənir

IMG-20250910-WA0061

Mingəçevir şəhərində həyata keçirilən abadlıq-quruculuq tədbirləri son günlər daha da geniş vüsət alıb. Payız-qış mövsümünə hazırlıq çərçivəsində şəhərin müxtəlif məhəllələrində və kommunikasiya xətlərində təmir-sazlama işləri aparılır. Xidmət təşkilatları sakinlərin qaldırdığı məsələləri operativ şəkildə araşdıraraq həllinə nail olurlar.

Az.DRES qəsəbəsinə yeni tullantı konteynerləri quraşdırıldı

Şəhər rəhbərliyinin, xidmət qurumlarının, ictimaiyyət nümayəndələrinin və mətbuat işçilərinin iştirakı ilə Az.DRES qəsəbəsinə verilmiş müasir tipli, iri tutumlu 22 ədəd zibil konteynerinə baxış keçirilib. Yeni konteynerlərin quraşdırılması əhalinin tullantıların idarə olunması ilə bağlı narahatlığını aradan qaldırmaqla yanaşı, şəhərin ekoloji təmizliyinə də mühüm töhfə verəcək.

 

Park və yaşayış binalarında təmir işləri davam edir

Eyni zamanda qəsəbədə Milli Qəhrəman Natiq Qasımovun adına salınan parkda aparılan abadlıq işlərinə ictimai baxış keçirilib. Parkda yaşıllıq sahələrinin artırılması, istirahət guşələrinin yenilənməsi və sakinlərin rahatlığı üçün yeni avadanlıqların quraşdırılması nəzərdə tutulub.

Bununla yanaşı, yaşayış binalarında da təmir-bərpa işləri həyata keçirilir. Dam örtüklərinin dəyişdirilməsi, mühəndis-kommunikasiya xətlərinin yenilənməsi və girişlərin abadlaşdırılması sakinlərin məişət şəraitini yaxşılaşdırmağa yönəlib.

İcra başçısı: “Təmir işləri Prezidentin tapşırıqlarına uyğundur”

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirib ki, həyata keçirilən bütün işlər ölkə Prezidenti İlham Əliyevin verdiyi tapşırıqlara uyğun olaraq icra olunur:

 

“Məqsədimiz şəhər sakinlərinin rahatlığını təmin etmək, onların gündəlik həyatını daha komfortlu etməkdir. Görülən tədbirlər həm payız-qış mövsümünə hazırlığı sürətləndirməyə, həm də uzunmüddətli infrastruktur problemlərinin həllinə xidmət edir.”

Şəhərdə aparılan genişmiqyaslı abadlıq və təmir işləri sakinlər tərəfindən müsbət qarşılanır və onların həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir.

 

Esmira Hidayətova, Mingəçevir