Mingəçevirə yeni məişət tullantılarını daşıyan texnika gətirildi
Məlum olduğu kimi, şəhərin sanitar təmizliyinə cavabdeh olan Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin mövcud texniki avadanlıqları müasir tələblərə cavab vermirdi. Bununla əlaqədar Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Nazirlər Kabinetinə və aidiyyəti qurumlara rəsmi müraciət edərək kömək göstərilməsini xahiş edib.

Nazirlər Kabinetinin tapşırığına əsasən, Mingəçevir şəhərinə iki ədəd KAMAZ markalı məişət tullantılarını yığıb səliqə ilə daşıyan xüsusi texnika verilib.
Sentyabrın 9-da yeni avadanlıqların təqdimatı keçirilib. Tədbirdə şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, müvafiq müəssisə rəhbərləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Çıxış edən İcra Hakimiyyətinin başçısı İlham İsmayılov görülən abadlıq-quruculuq işlərindən danışaraq şəhərin təmizliyi və gözəlliyinin qorunması istiqamətində tədbirlərin uğurla davam etdiyini bildirib. O, məişət tullantılarını daşıyan yeni texnikanın Mingəçevirə göstərilən dövlət qayğısının bariz nümunəsi olduğunu vurğulayıb.

Şəhər rəhbəri həmçinin Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına daim diqqət göstərdiyini qeyd edərək, son illərdə Mingəçevirə bir sıra texniki avadanlıqların alındığını xatırladıb.

Məlumat verilib ki, yeni maşınların üstünlüyü onların Gəncə Avtomobil Zavodunda istehsal olunmasıdır. Bu isə ehtiyat hissələrinin təminatında əlavə üstünlüklər yaradır. Gələcəkdə də daha müasir texnikaların alınması diqqət mərkəzində saxlanılacaq.
Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin rəisi Tahir Abdullayev bildirib ki, yeni texnika köhnə tipli maşınlardan dəfələrlə üstündür. Avadanlıq məişət tullantılarını özü presləyir, daha qənaətcil və funksionaldır. Maşınlarda özünü yuma və təmizləmə mexanizmi, kondisioner, həmçinin təkərlərin avtomatik tənzimlənməsi sistemi mövcuddur.

Sonda İcra başçısı İlham İsmayılov ictimaiyyət nümayəndələrinin suallarını cavablandıraraq, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə şəhər ictimaiyyəti adından təşəkkürünü bildirib.
Esmira Hidayətova, Mingəçevir