Mingəçevirdə ilk müstəqil modern teatr fəaliyyətini davam etdirir
Mingəçevir, 20 avqust – Azərbaycan mədəniyyətində mühüm bir hadisə baş verib: paytaxtdan kənarda ilk və hələlik yeganə müstəqil teatr – Mingəçevir Modern Teatrı (MMT) fəaliyyətə başlayıb. Teatr Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə yaradılıb və özəl təşəbbüs əsasında fəaliyyət göstərir.

Yeni teatrın təsisçisi və bədii rəhbəri, Prezident mükafatçısı, “Tərəqqi” medallı rejissor Cavid Təvəkküldür. Hazırda teatrın məşqləri və təlimləri sürətlə davam etdirilir.

Gənclərin yaradıcılıq məkanı
Teatr təkcə peşəkar aktyorların deyil, həm də yaradıcılıq potensialı olan gənclərin inkişafı üçün geniş imkanlar açır. Burada orta məktəb şagirdləri, abituriyentlər, tələbələr və aktyorluğa marağı olan bütün yaş qruplarından insanlar iştirak edə bilərlər. Teatrın nəzdində müxtəlif kursların və yaradıcılıq yarışmalarının təşkili də nəzərdə tutulub.

Rejissor Cavid Təvəkkül bildirib ki, əsas məqsəd gəncləri sənətə cəlb etmək və Mingəçevirin mədəni mühitini daha da zənginləşdirməkdir:
“Mingəçevir böyük yaradıcılıq potensialına malik şəhərdir. Burada mədəni mühiti genişləndirmək, intellektual tamaşaçı auditoriyasını artırmaq və teatr sənətində bayağılıqdan uzaqlaşmaq istəyirik. Artıq məşqlərə başlamışıq və ilk tamaşamız Üzeyir Hacıbəyovun “Ər və arvad” əsəri olacaq.”

Teatrın yerləşdiyi məkan
Mingəçevir Modern Teatrı hazırda Üzeyir Hacıbəyli adına 1 nömrəli 11 illik musiqi məktəbinin binasında fəaliyyət göstərir. Bu isə teatrın mədəniyyət və incəsənət təhsili ilə birgə sinerji yaratmasına şərait yaradır.
Rejissorun sözlərinə görə, məşqlərdə Mingəçevir Dövlət Dram Teatrının aktyorları, musiqi məktəbinin müəllimləri və rəqs qrupları da iştirak edir.

Azərbaycan teatr tarixi üçün önəmli addım
Azərbaycan teatr tarixində özəl teatrların sayı azdır. Bu baxımdan Mingəçevirdə müstəqil teatrın yaranması regional mədəniyyətin inkişafı üçün mühüm və ümidverici təşəbbüs hesab olunur.
Cavid Təvəkkül həm də tanınmış rejissor və ssenaristdir. O, 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib. Müxtəlif beynəlxalq festivallarda 5 qran-pri və 12 ali mükafat qazanıb. Rejissor “Mən və şəhər” və “Ağlayan əsgər” kliplərinin müəllifidir.

Mingəçevir Modern Teatrının fəaliyyəti yalnız şəhərin deyil, bütün bölgənin mədəni həyatına yeni nəfəs gətirəcək. Bu təşəbbüs gənclərin yaradıcılıq bacarıqlarının üzə çıxarılmasına və regionda teatr sənətinin inkişafına mühüm töhfə verəcək.
Esmira Hidayətova, Mingəçevir