Mingəçevirdə dəbdəbəli ehsan məclislərinin qadağan olunması müzakirə edildi
Bu gün Mingəçevir şəhərində yerləşən Heydər Məscidində dəbdəbəli ehsan məclislərinin sadələşdirilməsi ilə bağlı geniş müzakirələr aparılıb. Tədbirdə din xadimləri, jurnalistlər, ictimaiyyət nümayəndələri və Mingəçevir Ağsaqqallar Şurasının sədri iştirak edib.

Əvvəlcə çıxış edən Mingəçevir Ağsaqqallar Şurasının sədri Mustafa Muradov bildirib ki, artıq bir çox regionlarda olduğu kimi Mingəçevirdə də yas mərasimlərinin təmtəraqlı şəkildə deyil, sadə formada keçirilməsi zərurətə çevrilib:
“Biz bu məsələdə nümunəvi addımlar atmalı və gərəksiz israfçılığın qarşısını almalıyıq. Sadəlik həm dini baxımdan, həm də sosial baxımdan daha faydalıdır.”
Mingəçevir Heydər Məscidinin imamı İlham Səmədov da təşəbbüsü yüksək qiymətləndirərək bildirib ki, dəyişiklik əvvəlcə ailə və yaxın çevrədə tətbiq olunmalı, daha sonra geniş şəkildə təbliğ edilməlidir:

“Bu, gözəl və xeyirli bir təşəbbüsdür. Əgər Mingəçevirdə uğurla həyata keçirilərsə, böyük nəticələr əldə oluna bilər.”
Məscidin imam müavini Müşfiq Nəcəfov isə xüsusilə sosial şəbəkələrin bu prosesdə mühüm rol oynayacağını vurğulayıb:

“İnsanların maarifləndirilməsi əsas məsələdir. Molla və din xadimləri yas mərasimlərində bu mövzuya toxunmalı, həm sosial şəbəkələr, həm də televiziya vasitəsilə təbliğat gücləndirilməlidir. Bu, yalnız qısa tədbirlərlə deyil, davamlı şəkildə həyata keçirilməlidir.”
Telejurnalist İnqilab Şirinbəyli isə məsələni daha geniş hüquqi müstəvidə qiymətləndirərək bildirib ki, təşəbbüslər təkcə yerli səviyyədə deyil, qanunvericilik çərçivəsində dəstəklənməlidir:

“Əgər biz real nəticə əldə etmək istəyiriksə, bunun hüquqi əsasları formalaşdırılmalıdır. Milli Məclisin müvafiq komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi bu məsələyə xüsusi diqqət yetirməlidir. Həmçinin ictimai dinləmələr də təşkil olunmalıdır.”

Müzakirələrin yekununda iştirakçılar Mingəçevirdə dəbdəbəli ehsan məclislərinin məhdudlaşdırılması və sadəlik ənənəsinin təşviqi ilə bağlı maarifləndirmə işlərinin gücləndirilməsinin vacibliyini qeyd ediblər.

Esmira Hidayətova, Mingəçevir