İcra başçısı idarə rəhbərlərini sərt şəkildə tənqid etdi
20 avqust 2025-ci il tarixində Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın iş planına uyğun olaraq şəhər təsərrüfatı müəssisə, idarə və təşkilatlarının iştirakı ilə növbəti iclas keçirilib.

İclasda çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirib ki, gündəlikdə üç əsas məsələ müzakirəyə çıxarılıb:

1. Şəhər təsərrüfatı müəssisələrinin payız-qış mövsümünə hazırlığının mövcud vəziyyəti
2. Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin öyrənilməsi və təbliği istiqamətində görülən işlər
3. ŞHXÇDK tərəfindən uçota alınmış çağırışçıların hərbi xidmətə cəlb olunması, tibbi komissiyadan keçməsi və hərbi hissələrə göndərilməsi işinin təşkili
Müzakirələr zamanı idarə və müəssisə rəhbərlərinin hesabatları dinlənilib. Daha sonra İcra başçısı İlham İsmayılov çıxış edərək payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlərə toxunub. O, bəzi sahələrdə işlərin qənaətbəxş olmadığını, nöqsanların hələ də aradan qaldırılmadığını bildirib:

“Biz çalışırıq ki, harada problem var, onu həll edək. Görülən işlər də var, amma çatışmayan cəhətlər kifayət qədərdir. Mingəçevirdə təsərrüfat rəhbərləri və icra nümayəndələri işinə ciddi yanaşmır. Vətəndaş problem qaldırır, amma təsərrüfat rəhbərinin bundan xəbəri olmur. Hətta vətəndaşların müraciəti əsasında şəhərdə dörd qanunsuz tikinti aşkarlanıb. Ötən ildən qalan problemlərin bəzisi isə hələ də həllini tapmayıb”.

İcra başçısı vətəndaş müraciətlərinə biganə yanaşan rəhbərləri sərt şəkildə tənqid edib:

“Mənim qapım hər zaman açıqdır. İdarə rəhbərləri istənilən vaxt problemlə bağlı müraciət edə bilərlər. Əgər özünüz problemi həll edə bilmirsinizsə, vaxtında bizə bildirin. İnsanlar əziyyət çəkir, amma siz vəzifənizi itirmək qorxusu ilə susursunuz. Nəticədə əziyyəti xalq çəkir, bunu heç vaxt unutmayın”.

Şuranın iclasında həmçinin qarşıdan gələn MDB oyunları ilə bağlı hazırlıq məsələləri də müzakirə olunub. İlham İsmayılov bildirib ki, yaxın günlərdə Mingəçevir minə yaxın idmançını qəbul edəcək və dörd idman növü üzrə yarışlara ev sahibliyi edəcək:
“Bu, şəhər üçün böyük imtahandır. Qarşıdan MDB oyunları gəlir. Mingəçevirə minə yaxın idmançı gələcək. Ona görə də bütün işlər vaxtında görülməli, şəhər tam hazırlıqlı vəziyyətə gətirilməlidir. Tədbirlər planının icrasını növbəti aylarda müzakirə edəndə əminəm ki, qaldırılan problemlərin çoxu aradan qalxmış olacaq”.

Sonda İcra başçısı təsərrüfat idarələrinin rəhbərlərinə ciddi tapşırıqlar verib və hər birindən məsuliyyətli yanaşma tələb edib.
Esmira Hidayətova, Mingəçevir