Mingəçevirdə sakinlərlə açıq görüş keçirilib

IMG-20250905-WA0037

Bu gün Mingəçevir şəhər rəhbərliyi sakinlərlə açıq görüş təşkil edib. Görüş şəhərin sağ sahil yaşayış massivində, Təbriz küçəsi 11 saylı binanın həyətində baş tutub. “Açıq mikrofon” formatında keçirilən tədbirə yaxınlıqdakı digər binalarda yaşayan sakinlər də qatılıblar.

Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, ŞPŞ rəisi, polis polkovniki Ədalət Əliyev, Mingəçevir Bələdiyyəsinin nümayəndələri, idarə və kommunal xidmət müəssisələrinin rəhbərləri, həmçinin mətbuat nümayəndələri iştirak ediblər.

İcra başçısı İlham İsmayılov açılış nitqi ilə çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, vətəndaşların problemlərinin birbaşa dinlənilməsi və operativ həlli məqsədilə belə görüşlər mütəmadi olaraq keçirilir:

“Bu gün bu məhəllədə görüşməyimizin əsas məqsədi sizləri narahat edən problemləri yerində öyrənmək, eyni zamanda fikir və təkliflərinizi dinləməkdir” – deyə icra başçısı qeyd edib.

Daha sonra söz sakinlərə verilib. Onlar “Açıq mikrofon” qarşısında çıxış edərək sosial məsələlərlə bağlı mövcud problemləri diqqətə çatdırıblar. Qaldırılan məsələlərin bir çoxu yerindəcə müzakirə olunub, aidiyyəti qurumların rəhbərlərinə isə onların həlli üçün tapşırıqlar verilib. Qurum rəhbərləri yaxın günlərdə müvafiq addımların atılacağını bildiriblər.

Sakinlər eyni zamanda Mingəçevir şəhərində aparılan abadlıq-quruculuq işlərini yüksək qiymətləndirib və ölkə rəhbərliyinə təşəkkürlərini çatdırıblar.

Esmira Hidayətova, Mingəçevir