Serbiyanın Azərbaycandakı səfiri Mingəçevirdə işgüzar səfərdə olub

InShot_20260128_160717729

Serbiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljevic yanvarın 28-də müşaviri Jasmina Jazic ilə birlikdə Mingəçevir şəhərində işgüzar səfərdə olub. Səfər çərçivəsində şəhərin sosial-iqtisadi potensialı, sənaye imkanları və beynəlxalq əməkdaşlıq perspektivləri ilə bağlı bir sıra görüşlər keçirilib.


Xarici diplomat əvvəlcə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovla görüşüb. Səmimi söhbət şəraitində keçən görüşdə şəhər rəhbəri qonaqları salamlayaraq Mingəçevir şəhərinin tarixi, inkişaf mərhələləri və mövcud imkanları barədə ətraflı məlumat verib.


Görüş zamanı Mingəçevirdə sənayenin, xüsusilə energetika sahəsinin aparıcı rol oynadığı vurğulanıb. İlham İsmayılov bildirib ki, Mingəçevir Azərbaycanın energetiklər, sənaye və eyni zamanda sürətlə inkişaf edən turizm şəhərlərindən biridir. Son illər şəhərdə həyata keçirilən abadlıq və infrastruktur layihələri Mingəçevirin turizm bölgəsinə çevrilməsinə ciddi töhfə verir.


Tərəflər Mingəçevirlə Serbiya arasında qarşılıqlı iqtisadi və mədəni əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Şəhər rəhbəri qeyd edib ki, Mingəçevir bir sıra xarici şəhərlərlə dostluq və qardaşlaşma münasibətləri qurub və bu əlaqələrin real, faydalı layihələrlə davam etdirilməsi əsas məqsəddir.


İcra başçısı vurğulayıb ki, Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq səviyyəsində olan münasibətlər dövlət başçılarının qarşılıqlı səyləri nəticəsində ildən-ilə daha da möhkəmlənir. Xüsusilə iki ölkə arasında viza rejiminin ləğv olunması turizm və humanitar əlaqələrin genişlənməsi baxımından mühüm addım kimi dəyərləndirilib.


Serbiya səfiri Draqan Vladisavljevic Mingəçevirlə dostluq və qardaşlaşma münasibətlərinin qurulmasında maraqlı olduqlarını bildirib. O, xüsusilə “Azərbaycan” İstilik Elektrik Stansiyasına böyük maraq göstərdiklərini və enerji sahəsində əməkdaşlıq imkanlarını araşdırmaq niyyətində olduqlarını qeyd edib.


Səfir, həmçinin Serbiyanın Mingəçevirlə turizm, sənaye və iqtisadi sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq layihələrinin həyata keçirilməsində maraqlı olduğunu vurğulayıb. O, bu istiqamətdə konkret addımların atılmasının mümkünlüyünü diqqətə çatdırıb.
Görüşün sonunda serbiyalı diplomata xatirə hədiyyəsi təqdim olunub.

 

Eyni zamanda səfir də öz ölkəsini təmsil edən hədiyyəni Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısına təqdim edib. Görüş xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.
Səfər çərçivəsində Draqan Vladisavljevic Mingəçevir Heydər Əliyev Mərkəzini, Sahil parkını, Kür Olimpiya Tədris İdman Mərkəzini, “Azərbaycan” İstilik Elektrik Stansiyasını və Kompüter zavodunu ziyarət edib. Xarici diplomat Mingəçevirdən xoş təəssüratlarla ayrılıb.


Esmira Hidayətova, Mingəçevir