İcra başçısı ali məktəblərə qəbul olunan tələbələri ilə görüşüb

IMG-20250909-WA0083

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhərin ümumtəhsil məktəblərini 2025-ci ildə bitirərək ali məktəblərə qəbul olunan tələbələrlə görüşüb.

Hər il olduğu kimi, bu dəfə də 2024–2025-ci tədris ilində Mingəçevir məktəblərini başa vuran və qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış məzunlarla görüş təşkil olunub. Sentyabrın 9-da İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə müəllimlər, tələbələr, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək ehtiramlarını bildiriblər. Ardınca Ulu Öndərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov tədbiri açaraq iştirakçıları salamlayıb, məzunları uğurları münasibətilə təbrik edib. O bildirib ki, tədbirin keçirilməsində məqsəd Mingəçevir məktəblərinin məzunlarının yüksək nəticələrlə ali məktəblərə qəbulunu qeyd etməkdir.

Başçı vurğulayıb ki, Azərbaycanda təhsil sahəsində aparılan islahatlar gənclərin təhsilə marağını artırır, onların nailiyyətlərinin yüksəlməsinə müsbət təsir göstərir. “Gənclər cəmiyyətin sabahının və gələcəyinin yaradıcısıdır. Ümummilli Lider Heydər Əliyev gənclərə həmişə xüsusi diqqət və dəyər verib. Onun rəhbərliyi dövründə ölkəmizdə yüzlərlə yeni məktəb binası və müasir təhsil müəssisələri inşa olunub. Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir,” – deyə İlham İsmayılov qeyd edib.

O həmçinin bildirib ki, ölkə rəhbərinin diqqət və qayğısı nəticəsində Mingəçevirdə də yeni məktəb binaları tikilir, mövcud təhsil ocaqları əsaslı təmir olunur. Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində müasir tələblərə cavab verən komplekslər yaradılır.

2025-ci ildə Mingəçevir məktəblərinin 9-cu siniflərini 1579, 11-ci siniflərini isə 1199 nəfər bitirib. Onlardan 636 nəfər ali məktəblərə qəbul olunub. Qəbul olanlardan 173 nəfər 500-dən, 58 nəfər isə 600-dən yuxarı bal toplayıb. Şəhər üzrə ən yüksək nəticəni isə 11 nömrəli tam orta məktəbin şagirdi Arif Hüseynli göstərib – 692 bal.

Məktəblilər həmçinin fənn olimpiadalarında və bilik yarışlarında uğurlar qazanıblar. Bu nailiyyətlər respublika səviyyəsində də diqqət çəkir. Şəhər rəhbəri qeyd edib ki, bütün bu uğurlar Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin və inkişaf proqramlarının nəticəsidir.

“Bu il məzunlarımızın qazandığı nailiyyətlər ürəkaçandır. Hər bir uğurun arxasında müəllimlərin və valideynlərin zəhməti dayanır. Mən bütün tələbələri, müəllimləri və valideynləri ürəkdən təbrik edirəm,” – deyə İlham İsmayılov çıxışında vurğulayıb.

Tədbirdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir sektoru müdiri Sevinc Həsənova, 1 nömrəli məktəbin müəllimi Şəhla Rəsulova, valideyn Firuzə Həmzəyeva, 11 nömrəli məktəbin şagirdi Arif Hüseynli, 20 nömrəli məktəbin şagirdi, Tarix fənni üzrə Respublika Olimpiadasının ikiqat qızıl medalçısı və müsabiqədənkənar Qarabağ Universitetinə qəbul olunan Hüseyn Əbdürəhmanov çıxış edərək dövlət rəhbərliyinə və şəhər İcra Hakimiyyətinə minnətdarlıqlarını bildiriblər.

Sonda şəhər rəhbəri İlham İsmayılov yüksək bal toplayan tələbələrə hədiyyələr təqdim edib və xatirə şəkli çəkdirilib.

Esmira Hidayətova, Mingəçevir