Mingəçevir İcra Hakimiyyətində şəhid övladları ilə görüş keçirildi

FB_IMG_1757687024454

Mingəçevir şəhərində şəhid övladlarına diqqət və qayğı ilə bağlı növbəti tədbir keçirilib. Yeni tədris ilinin başlanması münasibətilə şəhər İcra Hakimiyyətində şəhid ailələrinin övladları ilə görüş təşkil olunub.

Görüşdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhidlərin məktəb yaşlı övladlarını qəbul edib. O, yeni dərs ilinə qədəm qoyan balaca qəhrəman övladlarını təbrik edərək onların uğurlu gələcək qurmasını arzulayıb.

İlham İsmayılov çıxışında qeyd edib ki, şəhidlərimizin övladları dövlət və cəmiyyət üçün hər zaman xüsusi dəyərə malikdir və onların təhsildə, elmdə, ictimai həyatda uğurlu olmaları həm ailələrinin, həm də xalqımızın qürurudur.

“Bizim şəhidlərimiz Azərbaycanın müstəqilliyi və torpaqlarımızın bütövlüyü uğrunda canlarını qurban veriblər. Onların övladları daim dövlətimizin qayğısı ilə əhatə olunacaq. Arzum odur ki, siz böyüdükcə atanız kimi cəsur, vətənpərvər, igid bir insan kimi yetişəsiniz”, – deyə icra başçısı vurğulayıb.

Tədbirdə iştirak edən şəhid valideynləri və yaxınları göstərilən diqqət və qayğıya görə dövlət rəhbərliyinə və şəhər rəhbərliyinə təşəkkürlərini bildiriblər. Onlar vurğulayıblar ki, bu cür tədbirlər övladlarının gələcəkdə özlərinə daha inamlı, vətənə bağlı böyüməsinə müsbət təsir göstərir.

Görüş zamanı şəhid övladlarına məktəbli formaları və müxtəlif məktəb ləvazimatları təqdim olunub. Sonda isə icra başçısı və ailələrlə birlikdə xatirə şəkilləri çəkilib.

Tədbir səmimi və duyğulu anlarla yadda qalıb.

Esmira Hidyətova, Mingəçevir