Xəstəxanada tibbi xidmətin keyfiyyəti – hər bir əməkdaşın məsuliyyətindən başlanır
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında tibbi xidmətin keyfiyyətinin artırılması, idarəetmədə səmərəliliyin yüksəldilməsi və pasiyent məmnuniyyətinin təmin olunması istiqamətində ardıcıl tədbirlər davam etdirilir. Bu məqsədlə xəstəxanada növbəti görüş keçirilib.
Tədbir xəstəxananın direktoru Ülfət Qurbanovun təşəbbüsü ilə təşkil olunub. Görüşdə müəssisənin böyük tibb bacıları, təsərrüfat işçiləri və digər məsul əməkdaşlar iştirak ediblər.

Toplantıda tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, iş intizamının möhkəmləndirilməsi, xidmətdə etik davranış qaydalarına əməl olunması, xəstələrlə ünsiyyətdə mədəni münasibətin qorunması və xəstəxana ərazisində səliqə-səhman qaydalarına riayət olunması kimi mühüm məsələlər geniş müzakirə edilib.
Direktor Ülfət Qurbanov çıxışı zamanı bildirib ki, xəstəxanada göstərilən tibbi xidmətin keyfiyyəti yalnız rəhbərliyin deyil, hər bir əməkdaşın məsuliyyətindən asılıdır. Onun sözlərinə görə, hər kəs öz vəzifə borcuna vicdanla yanaşmalı, pasiyentlərlə ünsiyyətdə diqqət və nəzakəti əsas prinsip kimi qəbul etməlidir:
“Bizim məqsədimiz xəstələrə təkcə tibbi yardım göstərmək deyil, eyni zamanda onlara mənəvi rahatlıq və güvən hissi aşılamaqdır. Xəstəxananın nüfuzu, vətəndaşların inamı və ümumi xidmət səviyyəsi hər bir əməkdaşın davranışından başlayır.”
Ülfət Qurbanov həmçinin kollektiv arasında birliyin, qarşılıqlı hörmət və əməkdaşlığın vacibliyini qeyd edib. O, bütün işçiləri xəstəxananın inkişafında aktiv iştirak etməyə, yeniliklərə açıq olmağa və öz peşəkar bacarıqlarını daim təkmilləşdirməyə çağırıb.
Tədbirin sonunda iştirakçılara bir daha vurğulanıb ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının əsas məqsədi vətəndaşlara yüksək səviyyədə, məsuliyyətli və etik normalara uyğun tibbi xidmət göstərməkdir. Əməkdaşlara qarşılıqlı anlayış və peşəkarlıq prinsipləri çərçivəsində fəaliyyətlərini daha da təkmilləşdirmələri tövsiyə olunub.
Esmira Hidayətova, Mingəçevir