Leyla Əliyevanın Mingəçevir səfəri: Ekoloji aksiya, balıqbərpa və ceyranların təbiətə buraxılması

InShot_20251114_115519521

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Mingəçevirə səfəri çərçivəsində bir sıra mühüm ekoloji təşəbbüslərdə iştirak edib. Səfərin əsas məqsədi regionda ekoloji mühitin yaxşılaşdırılması, bioloji müxtəlifliyin qorunması və dayanıqlı təbiət layihələrinin dəstəklənməsi olub.

İlk olaraq, Leyla Əliyevanın iştirakı ilə Mingəçevir su anbarına 25 min sazan balığı buraxılıb.

Ekoloji aksiyanın əsas məqsədi su bioresurslarının bərpası, balıq ehtiyatlarının artırılması, həmçinin su hövzələrində ekoloji tarazlığın qorunmasına töhfə verməkdir. Balıqların təbiətə buraxılması su anbarının biomüxtəlifliyinin zənginləşdirilməsi baxımından vacib addım hesab olunur.

Daha sonra Leyla Əliyeva Korçay Dövlət Təbiət Yasaqlığı ərazisində həyata keçirilən reintroduksiya prosesinə qatılıb. Burada Şirvan Milli Parkından gətirilmiş 10 baş ceyran Yasaqlıq ərazisinə buraxılıb.

Bu prosesin məqsədi mövcud ceyran populyasiyasında genetik dözümlülüyü artırmaq, xəstəliklərin qarşısını almaq və sağlam ceyran nəslinin formalaşdırılmasına dəstək verməkdir.

Hazırda Korçay Dövlət Təbiət Yasaqlığında ceyranların sayı 810 baş təşkil edir ki, bu da aparılan işlərin uğurlu olduğunu göstərir.

Səfər proqramı çərçivəsində Mingəçevir şəhərində genişmiqyaslı ağacəkmə aksiyası da keçirilib.

Leyla Əliyeva və 100 nəfər könüllünün iştirakı ilə Eldar şamı və sərv növlərindən ibarət 200 ağac əkilib.

Bu ağac növləri quraqlığa davamlı olmaları və regionun torpaq-iqlim şəraitinə yüksək uyğunluqları ilə seçilir.

Aksiya şəhərin yaşıllıq fondunun artırılması və ekoloji mühitin yaxşılaşdırılmasına mühüm töhfə verib.

Leyla Əliyevanın Mingəçevir səfəri ekoloji təşəbbüslərin genişləndirilməsi, təbiətin mühafizəsi və biomüxtəlifliyin qorunması istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Esmira Hidayətova, Mingəçevir