Mingəçevirdə gənclər günü təntənəli qeyd olundu

InShot_20260202_163230771

Fevralın 2-də Mingəçevir şəhərində 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə şəhər İcra Hakimiyyətində gənclərlə geniş görüş keçirilib. Tədbirdən əvvəl iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dərin ehtiramlarını ifadə ediblər. Həmçinin, Ulu Öndər və Vətənimizin azadlığı uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Görüşü açan İcra Hakimiyyətinin başçısı İlham İsmayılov gəncləri Gənclər Günü münasibətilə təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, ölkədə gənclər siyasətinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən 1994-cü ildə qoyulduğunu xatırladıb. Eyni zamanda, Gənclər və İdman Nazirliyinin yaradılmasını, 2003-cü ildə dünyanın 40-a yaxın ölkəsində 3 minə yaxın azərbaycanlı gəncin təhsil almasını qeyd edib. İcra başçısı vurğulayıb ki, 1996-cı il fevralın 2-də keçirilmiş Gənclərin I Forumu nəticəsində 1997-ci ildən bu tarix rəsmi olaraq Azərbaycan Gəncləri Günü elan olunub.

İlham İsmayılov qeyd edib ki, Ulu Öndərin rəhbərliyi ilə başlayan gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət sayəsində ölkəmizdə vətənpərvər və mütərəqqi gənclər nəsli formalaşıb. O, həmçinin Azərbaycan gənclərinin sərhədlərimizin qorunması və ərazi bütövlüyünün təmin olunması uğrunda aparılan döyüşlərdə göstərdikləri böyük fədakarlıqları yüksək qiymətləndirib. Qeyd olunub ki, Ali Baş Komandanımızın qətiyyətli rəhbərliyi və gənclərimizin şücaəti sayəsində uzun illərdən sonra torpaqlarımız işğaldan azad olunub.

Tədbirdə şəhərimizin gənclərinin fiziki sağlamlığı, təhsili, mənəvi və mədəni tərbiyəsinin formalaşdırılması üçün yaradılan şəraitdən də danışılıb. İcra başçısı bildirib ki, ölkədə 45-dən çox Olimpiya İdman Kompleksi fəaliyyət göstərir, beynəlxalq yarışlara ev sahibliyi edilir, idmançılarımız Olimpiya və dünya çempionatlarında uğurlar qazanır. Mingəçevirdə də gənclərin dünyagörüşünü, idman bacarıqlarını və yaradıcılıq potensialını inkişaf etdirmək üçün müxtəlif tədbirlər keçirilir.


Görüşdə YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev Gənclər Günü münasibətilə təbriklərini çatdırıb. Tədbirdə çıxış edənlər arasında Respublika Fənn Olimpiadasının Tarix fənni üzrə bürünc medalçısı Ayan Cavadlı, “Prezident Kuboku 2025” Beynəlxalq Reqatasının kayak idman növü üzrə gümüş medalçısı Mustafa Vəlizadə və “Qədiroğlu” idman klubunun məşqçisi Rəvan Abdullazadə də olub. Onlar bundan sonra daha böyük uğurlar qazanacaqlarını vurğulayıblar.


Mingəçevir Dövlət Universitetinin Riyaziyyat və informatika müəllimliyi ixtisasının III kurs tələbəsi Məhəmməd Muğumov da tədbirdə çıxış edərək İcra başçısı İlham İsmayılova gəncləri təbrik etdiyinə görə təşəkkürünü bildirib. Məhəmməd Muğumov yeni ixtiraları ilə seçilən tələbələrdəndir və onun uğurlarını üzə çıxaran rektor Anar Eminova da minnətdarlıq ifadə olunub. İlham İsmayılov gəncin bacarıqlarını yüksək qiymətləndirərək gələcək uğurları üçün ona dəstək olacağına söz verib.


Tədbirin sonunda İcra Hakimiyyətinin başçısı idman və təhsil sahəsində uğurlar əldə etmiş bir qrup gəncə xatirə hədiyyələri təqdim edib. Görüş xatirə şəkillərinin çəkilməsi ilə sona çatıb.


Esmira Hidayətova, Mingəçevir