“Elmə olan marağım məni daim irəli aparır” – MDU-nun gənc alimi geniş müsahibə verdi
Səadət Ağakişiyeva tədqiqat mövzusu, elmi fəaliyyətin çətinlikləri, təhsildə yenilənmə ehtiyacı və süni intellektin filologiyaya təsiri haqda danışdı.
Gənc alim Bölgə.az-a müsahibəsində elmi fəaliyyəti barədə fikirlərini bölüşüb. Müsahibəni təqdim edirik.
Mingəçevir Dövlət Universitetinin gənc alimi Səadət Arif qızı Ağakişiyeva 1988-ci il 28 dekabr tarixində Mingəçevirdə anadan olmuşdur. O, 1995–2006-cı illərdə Mingəçevir şəhəri Nizami Gəncəvi adına 8 saylı orta məktəbdə təhsil almış, 2010-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə bakalavr pilləsi, 2013-cü ildə isə Bakı Dövlət Universitetinin filologiya fakültəsini “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə magistr pilləsi üzrə bitirmişdir.
2017–2021-ci illərdə Gəncə Dövlət Universitetində 5716.01 – “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə qiyabi doktorant olmuşdur. 2022-ci ildə “Xanımana Əlibəylinin yaradıcılığı” mövzusunda dissertasiya işini müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

2024-cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 5715.01 – “Ədəbiyyat nəzəriyyəsi, ədəbi tənqid və təhlil” ixtisası üzrə qiyabi doktorantura proqramına qəbul olunmuşdur. Elmi məsləhətçisi AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professor Rafael Hüseynovdur. Tədqiqat mövzusu “Məhbəs ədəbiyyatının janr xüsusiyyətləri və poetikası”dır.
Peşəkar fəaliyyətinə 2011–2015-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialında müəllim kimi başlamışdır. 2015-ci ildən etibarən Mingəçevir Dövlət Universitetində magistratura pilləsi üzrə “Tədqiqat metodları”, “Tədqiqat analitikası”, həmçinin bakalavriat üzrə “Ölkə ədəbiyyatı tarixi–1”, “Uşaq ədəbiyyatı” və “Ədəbiyyatın tədrisi metodikası” fənlərini tədris edir. Ailəlidir.
1. Hazırda üzərində çalışdığınız elmi tədqiqatın əsas məqsədi nədir və bu işin ölkə elmi üçün hansı töhfələri ola bilər?
Hazırda “Azərbaycan məhbəs ədəbiyyatının janr xüsusiyyətləri və poetikası” mövzusu üzrə tədqiqat işi aparıram. Elmi məsləhətçim, akademik Rafael Hüseynovun rəhbərliyi ilə hazırladığım bu dissertasiya elmlər doktorluğu səviyyəsinə aiddir. Mövzunun Azərbaycan ədəbi tənqidinə mühüm töhfə verəcəyi qənaətindəyəm. Çünki bu sahə bu günə qədər elmi araşdırmalardan kənarda qalmışdır.
2. Sizcə, bu gün Azərbaycan ali təhsilində ən böyük problem nədir və bu məsələlərin həlli üçün hansı real addımlar atılmalıdır?
Bu gün Azərbaycan ali təhsilində qarşıya çıxan əsas problemlərdən biri layihə əsaslı təhsilin zəif inkişafıdır. Bu problemin aradan qaldırılması üçün ilk növbədə təhsil proqramlarının müasirləşdirilməsi vacibdir. Hesab edirəm ki, layihə əsaslı təhsilə keçid Azərbaycan ali təhsil sistemində keyfiyyət təminatının yaxşılaşdırılmasına əhəmiyyətli dərəcədə təsir göstərəcək.
3. Gənc tədqiqatçı və tələbələrə hansı tövsiyələri verərdiniz? Onların elmdə uğur qazanması üçün nələr vacibdir?
Birinci növbədə öz ixtisaslarını dərindən bilsinlər və sevsinlər. Dil və İKT bacarıqlarını inkişaf etdirsinlər, həmçinin dünya elmi bazaları ilə işləməyi öyrənsinlər.
4. Cari dövrdə dünya elmi sürətlə dəyişir. Siz bu dəyişikliklərin Azərbaycan universitetlərinə təsirini necə qiymətləndirirsiniz?
Dünyada elmin sürətlə yenilənməsi Azərbaycan universitetləri üçün həm imkanlar, həm də çağırışlar yaradır. Bu dəyişikliklər tədris proqramlarının modernləşdirilməsi, rəqəmsal tədrisin genişlənməsi, beynəlxalq əməkdaşlıqların artması və tədqiqat mədəniyyətinin güclənməsi ilə özünü göstərir. Lakin universitetlərin bu tempə tam uyğunlaşması üçün infrastruktur, akademik mühit və innovativ araşdırma mexanizmlərinin daha da inkişaf etdirilməsi vacibdir
5. Mingəçevir Dövlət Universitetinin gələcək inkişafı üçün hansı yeniliklərə ehtiyac var? Bu sahədə hansı layihələr həyata keçirilməlidir?

Cənab rektor Anar Eminov Mingəçevir Dövlət Universitetinə rəhbər təyin olunduğu vaxtdan etibarən universitetimizdəki irəliləyişlər əhəmiyyətli dərəcədə hiss olunur. Yeni layihələrin həyata keçirilməsi, müəllim–tələbə mübadilə proqramlarının tətbiqi və yeni əməkdaşlıqların, o cümlədən universitet–sənaye əməkdaşlığının qurulması ali məktəbin gələcək inkişafı üçün mühüm perspektivlər açır.
6. Elmi fəaliyyətinizdə ən böyük çətinlik nə olub və bu çətinliyi necə aradan qaldırmısınız?
Elmi fəaliyyətimdə qarşılaşdığım əsas çətinliklərdən biri elmi məlumat bazalarının əsasən paytaxt Bakıda cəmləşməsidir. Mingəçevirdən Bakıya səfər etmək və tədqiqat işini orada aparmaq müəyyən çətinlik yaradırdı. Elmi bazaların elektronlaşdırılması bu problemi bu gün demək olar ki, aradan qaldırıb. Bundan başqa, həm fəlsəfə doktorluğu, həm də elmlər doktorluğu səviyyəsində tədqiqat mövzularımın bu günə qədər işlənilməmiş sahəni əhatə etməsi məlumat toplama prosesini əvvəlcədən daha da çətinləşdirirdi.
7. Sizcə, Azərbaycanda elmi araşdırmaların maliyyələşməsi və dəstəklənməsi kifayətdirmi? Hansı dəyişikliklərə ehtiyac var?
Hazırda Azərbaycanda elmin maliyyələşməsi artmaqdadır, lakin beynəlxalq rəqabət baxımından hələ də kifayətli deyil. Xüsusilə tətbiqi tədqiqatların, innovasiya layihələrinin və universitet–sənaye əməkdaşlığının maliyyə dəstəyi gücləndirilməlidir. Əlavə olaraq:
Qrant mexanizmləri beynəlxalq səviyyədə rəqabətli olmalıdır;
Universitetlərə daha çox maliyyə müstəqilliyi verilməlidir;
Gənc tədqiqatçılar üçün xüsusi stimullaşdırıcı proqramlar artırılmalıdır;
Elmi nəticələrin patentləşdirilməsi və kommersiyalaşdırılması üçün dəstək sistemi gücləndirilməlidir.
Belə dəyişikliklər həm tədqiqatların keyfiyyətini, həm də ölkənin elmi nüfuzunu artıracaq.
8. Müasir dövrdə süni intellekt və avtomatlaşdırma daha çox sahəni dəyişir. Bu texnologiyalar sizin sahəyə necə təsir edir?
Dünya elmində sürətli rəqəmsallaşma, multidissiplinar araşdırmalar və innovasiya yönümlü təhsil modelləri Azərbaycan universitetlərinə də təsir göstərir. Bu təsir əsasən tədrisin rəqəmsallaşması, tədqiqatın beynəlxalq standartlara uyğunlaşdırılması və universitet–sənaye əməkdaşlığının güclənməsi ilə özünü göstərir. Son illərdə infrastruktur yenilənsə də, prosesin tam uyğunlaşması üçün kadr hazırlığı, tədqiqat maliyyələşməsi və rəqəmsal bacarıqların inkişafı üzrə daha sistemli addımlar tələb olunur.
Süni intellekt filologiya sahəsinə metodoloji yeniliklər gətirir: mətnlərin müqayisəsi, poetik strukturun analizi və müəlliflik identifikasiyası daha dəqiq aparılır. Tədrisdə rəqəmsal platformalar və interaktiv məzmun filologiya təhsilini modernləşdirir. Bununla yanaşı, humanitar yanaşma ilə texnoloji alətlərin balanslaşdırılması vacib olaraq qalır.
9. Universitet–sənaye əməkdaşlığına necə baxırsınız? Real layihələr və ortaq tədqiqatların artırılması üçün hansı addımlar vacibdir?
Bu təşəbbüsü müsbət qiymətləndirirəm. Universitetimiz də universitet–sənaye əməkdaşlığının inkişafı istiqamətində mühüm addımlar atır. Məsələn:
2025-ci ilin 24 oktyabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU), “HBN Group” və Azərbaycan–Türkiyə İş Adamları Birliyi (ATİB) ilə birgə “Regional Universitet–Sənaye Birliyi Sammiti 2025”i uğurla keçirdi. Sammit Mingəçeviri elm, təhsil və sənaye inteqrasiyası baxımından strateji mərkəzə çevirməyə yönəlmiş əhəmiyyətli mərhələ kimi qiymətləndirilir. Tədbirin məqsədi universitet–sənaye əməkdaşlığının yeni modelini formalaşdırmaq, startap və innovasiya təşəbbüslərini dəstəkləmək, həmçinin dövlət–özəl sektor tərəfdaşlığını gücləndirərək regional iqtisadi inkişafı sürətləndirməkdir.
10. Tələbələrin elmi fəaliyyətə marağını artırmaq üçün universitetlər nələri fərqli etməlidir?
Tələbələrin elmi fəaliyyətə marağını artırmaq üçün universitetlər praktik layihələr və seminarlar təşkil etməli, mentor dəstəyini gücləndirməli, yaradıcılıq və təşəbbüsü stimullaşdırmalı, müasir texnologiyalardan istifadə etməli və tələbələri elmi şəbəkələrlə birləşdirməlidir.
11. Alim olaraq şəxsi motivasiyanızı necə qoruyursunuz? Elmə olan marağınız illər boyu sizi necə aparıb?
Əslində bu maraq müəyyən bir vaxtla məhdudlaşmır, o, uşaqlıqdan formalaşıb və davamlı olaraq inkişaf edir. Sənətə və yaradıcılığa olan sevgi, eləcə də daimi araşdırma və öyrənmə meyli məni hər zaman motivasiya edir, yeni ideyalar yaratmağa həvəs oyadır. Elmə olan marağım isə mənə imkan verir ki, bu gün yeni insanlarla, müxtəlif mühitlərlə tanış olum, fərqli təcrübələr qazanam və biliklərimi genişləndirim. Bütün bunlar mənim şəxsi və peşəkar inkişafımı stimullaşdırır və davamlı motivasiya mənbəyi rolunu oynayır.
Söhbətləşdi Esmira Hidayətova