Gənc tədqiqatçı Çinarə Yolçubəyli: “Elmi yolun əvvəlində çətinliklər olsa da, yeni imkanlar məni irəli aparır”
Mingəçevir Dövlət Universitetinin gənc alimi elmi fəaliyyəti, Azərbaycan təhsilində mövcud problemlər və gələcək hədəfləri haqqında danışır

Gənc tədqiqatçı:” Elmi yolun başlanğıcında olmaq bəzən çətin görünə bilər, amma əldə etdiyim təcrübə və qarşıma çıxan yeni imkanlar məni davam etməyə ruhlandırır”
Mingəçevir Dövlət Universitetinin gənc alimləri və müdafiəçiləri ilə silsilə yazılarımız davam edir.Bu dəfəki müsahibimiz Yolçubəyli Çinarə Ayaz qızıdır. O, 1989-cu il 30 iyun tarixində Mingəçevir şəhərində anadan olmuşdur. Çinarə xanım 1995–2006-cı illərdə Mingəçevir şəhəri 18 saylı tam orta məktəbdə təhsil almış, 2011-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə bakalavr pilləsi, 2014-cü ildə isə Sumqayıt Dövlət Universitetinin Dilşünaslıq istiqaməti üzrə “Azərbaycan dili” ixtisası üzrə magistr pilləsini bitirmişdir.
2017-ci il Gəncə Dövlət Universitetində 5706.01 – “Azərbaycan dili” ixtisası üzrə doktoranturaya qəbul olmuşdur. Filologiya üzrə fəlsəfə doktorluğu üzrə “Akademik Ağamusa Axundovun dilçilik görüşləri” mövzusunda dissertasiya işini yekunlaşdırmışdır. Müdafiə ərəfəsindədir.
Çinarə xanım peşəkar fəaliyyətinə 2013–2015-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialında başlamışdır. 2015-ci ildən etibarən Mingəçevir Dövlət Universitetində fəaliyyətini davam etdirmişdir. 2021-ci ildən universitetin Humanitar fənlər kafedrasında müəllim kimi çalışır. Hal-hazırda “Öyrənilən əsas dil-1”, “Müasir Azərbaycan dili-2” və “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənlərini tədris edir. Ailəlidir və 4 övladı var.
Çinarə xanım suallarımıza aydınlıq gətirib.
– Hazırda üzərində çalışdığınız elmi tədqiqatın əsas məqsədi nədir və bu işin ölkə elmi üçün hansı töhfələri ola bilər?
– Mənim tədqiqatım “Akademik Ağamusa Axundovun dilçilik görüşləri” adlanır. Əsas məqsədim onun dilçilik irsini sistemli şəkildə araşdırmaq, nəzəri və praktik yanaşmalarını elmi dövriyyəyə gətirməkdir. Bu iş Azərbaycan dilçiliyinə həm tarixi irsin qorunması, həm də müasir problemlərin həllinə yeni baxışların formalaşdırılması baxımından töhfə verəcək.
– Sizcə, bu gün Azərbaycan ali təhsilində ən böyük problem nədir və bu məsələlərin həlli üçün hansı real addımlar atılmalıdır?
– Ən böyük problem nəzəri biliklərlə əmək bazarının tələbləri arasında uyğunsuzluqdur. Bunun həlli üçün tədris proqramları bazarın ehtiyaclarına uyğunlaşdırılmalı, müasir texnologiyalar dərs prosesinə inteqrasiya edilməli və universitet–sənaye əməkdaşlığı gücləndirilməlidir.
– Gənc tədqiqatçı və tələbələrə hansı tövsiyələri verərdiniz?
– Onlara daim oxumağı, yeni biliklərə açıq olmağı, xarici dilləri öyrənməyi və səbirli olmağı tövsiyə edərdim. Elm uzunmüddətli bir yol olduğu üçün dürüstlük və elmi etikaya riayət etmək çox vacibdir.
– Cari dövrdə dünya elmi sürətlə dəyişir. Siz bu dəyişikliklərin Azərbaycan universitetlərinə təsirini necə qiymətləndirirsiniz?
– Qlobal elmdə süni intellekt, rəqəmsallaşma və biotexnologiya kimi sahələr sürətlə inkişaf edir. Bu dəyişikliklər Azərbaycan universitetlərinə də təsir göstərir: yeni fənlərin tədrisi, beynəlxalq əməkdaşlıqların artması və rəqəmsal platformaların istifadəsi zərurətə çevrilib.
– Mingəçevir Dövlət Universitetinin gələcək inkişafı üçün hansı yeniliklərə ehtiyac var?
–İlk növbədə, tədris prosesində rəqəmsal texnologiyaların daha geniş tətbiqi vacibdir. Bu, həm dərslərin keyfiyyətini artıracaq, həm də tələbələrin müasir bacarıqlara yiyələnməsinə imkan verəcək.
– Elmi fəaliyyətinizdə ən böyük çətinlik nə olub və bu çətinliyi necə aradan qaldırmısınız?
– Elmi fəaliyyətimdə ən böyük çətinlik vaxtın düzgün idarə olunması olub. Tədqiqat, dərs yükü və digər məsuliyyətlər bir araya gələndə araşdırmalara kifayət qədər vaxt ayırmaq çətinləşirdi. Bu problemi aradan qaldırmaq üçün işimi planlı şəkildə qurmağa başladım, gündəlik və aylıq iş qrafiki hazırladım. Prioritetləri düzgün müəyyənləşdirməklə həm tədris, həm də elmi işlərimi balanslaşdırdım. Nəticədə, vaxtın səmərəli istifadəsi mənə daha məhsuldar işləmək və tədqiqatı uğurla davam etdirmək imkanı verdi.
– Sizcə, Azərbaycanda elmi araşdırmaların maliyyələşməsi kifayətdirmi?
– Təəssüf ki, kifayət qədər deyil. Elmə ayrılan vəsait artırılmalı, özəl sektorun elmi layihələrə investisiya etməsi təşviq olunmalı və beynəlxalq qrantların cəlb olunması vacibdir.
– Müasir dövrdə süni intellekt və avtomatlaşdırma sizin sahəyə necə təsir edir?
– Dilçilik sahəsində süni intellekt mətnlərin avtomatik təhlili, tərcümə sistemləri və korpus dilçiliyi üçün geniş imkanlar açır. Bu texnologiyalar tədqiqat prosesini sürətləndirir və daha dərin nəticələr əldə etməyə şərait yaradır.
– Universitet–sənaye əməkdaşlığına necə baxırsınız?
– Bu əməkdaşlıq tələbələrin praktiki bacarıqlarını artırır və elmi nəticələrin tətbiqini təmin edir. Birgə laboratoriyalar, təcrübə proqramları və ortaq tədqiqat fondları bu sahədə real addımlar ola bilər.
– Tələbələrin elmi fəaliyyətə marağını artırmaq üçün universitetlər nələri fərqli etməlidir?
– Elmi müsabiqələrin təşkili, beynəlxalq konfranslara tələbələrin cəlb olunması, mentorluq proqramlarının yaradılması və elmi nəticələrin ictimaiyyətə təqdim olunması onların marağını artırar.
– Gənc tədqiqatçı olaraq ən böyük motivasiya mənbəyiniz nədir?
– Mənim üçün motivasiya yeni biliklər kəşf etmək və özümü inkişaf etdirməkdən gəlir. Hər dəfə araşdırdığım mövzuda kiçik də olsa irəliləyiş görmək məni daha da həvəsləndirir. Elmi yolun başlanğıcında olmaq bəzən çətin görünə bilər, amma əldə etdiyim təcrübə və qarşıma çıxan yeni imkanlar məni davam etməyə ruhlandırır.
Müsahibəniz üçün təşəkkür edirik və gələcək karyeranızda uğurlar arzulayırıq.
Onu da qeyd edək ki, Azərbaycanda gənclər siyasəti dövlətin böyük önəm verdiyi prioritet sahələrdəndir. Gənclərimizin ölkəmizdə elmin inkişafına, elmi kadrların yetişdirilməsinə və yeni tədqiqatların aparılmasına verdikləri töhfələr xüsusi əhəmiyyət daşıyır. Məqsəd sadəcə ad qazanmaq deyil, əsas məqsəd Azərbaycan elminin müasir tələbələrə cavab verməsinə, alimlərimizin beynəlxalq arenada öz sözlərini deməsinə, Azərbaycan həqiqətlərinin dünya elm ictimaiyyətinə düzgün şəkildə çatdırılmasına hesablanmalıdır.
Söhbətləşdi, Esmira Hidayətova
Esmira xanım, əllərinizə sağlıq. Bir Azərbaycan vətəndaşı kimi fəxr edirəm ki, bizim Sizin kimi jurnalistlərimiz var. Uğurlarımız bol və davamlı olsun.❤️🙏