Göyçay rayon sakinləri acınacaqlı vəziyyətdən şikayətçidir
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə
Göyçay rayonu, Rauf İsayev küçəsi, dalan 8 ünvanında yaşayan sakinlər adından Sizə müraciət edirik.
Ərazidən keçən suvarma arxının uzun illərdir təmizlənməməsi və qazıntı işlərinin aparılmaması səbəbindən arxın vəziyyəti olduqca bərbad haldadır. Bu vəziyyət yalnız yerli sakinlərin narahatlığına səbəb olmur, eyni zamanda su ehtiyatlarının səmərəsiz istifadəsinə, ətraf mühitin çirklənməsinə və ümumilikdə yaşayış şəraitinin pisləşməsinə gətirib çıxarır.
Əhalinin rifahı üçün həyati əhəmiyyət daşıyan bu məsələnin tez bir zamanda həll olunması, suvarma arxında təmizlik və qazıntı işlərinin aparılması zəruridir.
Göyçay Su Meliorasiya Sistemləri İdarəsinin fəaliyyətində yaranan bu nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsini Sizdən xahiş edirik.
Ümidvarıq ki, Agentlik bu məsələyə diqqətlə yanaşaraq ən qısa zamanda problemin həlli istiqamətində addımlar atacaqdır.
Hörmətlə,
Göyçay rayonu, Rauf İsayev küçəsi, dalan 8-in sakinləri