Mingəçevir Dövlət Universitetindən yeni əməkdaşlıq addımı – FOTOLAR
Mingəçevir Dövlət Universiteti (MDU) ilə Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) arasında əməkdaşlıq imkanları müzakirə olunub.

Universitetin 2025-ci il sentyabrın 4-də MDU-nun rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti ASK-da görüş keçirib. Görüş zamanı iqtisadiyyat yönümlü ixtisaslarda peşəkar kadrların hazırlanması istiqamətində əməkdaşlıq perspektivləri dəyərləndirilib.

Dəyirmi masa formatında baş tutan müzakirələrdə universitet–sənaye əlaqələrinin gücləndirilməsi, tələbələrin praktiki bilik və bacarıqlarının artırılması, həmçinin əmək bazarının ehtiyaclarına uyğun rəqabətqabiliyyətli mütəxəssislərin yetişdirilməsi məsələləri önə çəkilib.

ASK prezidenti Məmməd Musayev universitet–sənaye əməkdaşlığının ölkənin sosial-iqtisadi inkişafında xüsusi rol oynadığını qeyd edib. O, gənc mütəxəssislərin real istehsalat mühitində peşəkar bacarıqlar qazanmasının həm sahibkarlıq subyektləri, həm də gənclərin gələcək inkişafı üçün vacib olduğunu vurğulayıb. Musayev bu təşəbbüslərin iqtisadiyyat yönümlü ixtisaslarda kadr potensialının möhkəmlənməsinə töhfə verəcəyinə inam ifadə edib.

MDU rektoru Anar Eminov isə göstərilən diqqət və dəstəyə görə təşəkkürünü bildirərək, universitetin təhsil proqramlarının daim yeniləndiyini, əmək bazarının tələblərinə uyğunlaşdırıldığını və sənaye tərəfdaşlıqlarının bu prosesdə önəmli rol oynadığını diqqətə çatdırıb. O, MDU-nun əsas məqsədlərindən birinin məzunların həm nəzəri, həm də praktiki biliklərə malik şəkildə iş dünyasına çıxışını təmin etmək olduğunu vurğulayıb.

Eyni zamanda rektor Eminov ASK-nı 2025-ci ilin 24 oktyabrında Mingəçevirdə MDU, Azərbaycan–Türkiyə İş adamları Birliyi və “HBN Group”un birgə təşkilatçılığı ilə keçiriləcək Regional Universitet–Sənaye Birliyi Sammitinə tərəfdaş kimi qatılmağa dəvət edib. Bu dəvət ASK prezidenti tərəfindən məmnuniyyətlə qəbul olunub.
Qeyd edək ki, görüşdə MDU ilə ASK arasında gələcək əməkdaşlığın müxtəlif istiqamətləri – tələbələrin istehsalat təcrübələrinin təşkili, tədris proqramlarının təkmilləşdirilməsi, birgə elmi-tədqiqat layihələri və insan kapitalının inkişafına dair təşəbbüslər də müzakirə olunub.
Esmira Hidayətova, Mingəçevir